5 Noyabr 2020 13:33
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Artıq bir aydan çoxdur ki, davam edən müharibə nəinki tarixi və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnir, ölkədə xalq-iqtidar, xalq-ordu birliyini, həmrəyliyini daha da gücləndirir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova deyib.

O bildirib ki, son bir ayda Azərbaycan gəncliyi və xalqı tarixi anlara şahidlik etdi: “Dünya döyüş tarixinə yeni mərhələ kimi yazılan Qarabağ savaşı bəşəriyyətə xalqımızın və onun rəhbərinin simasında işğalçının başından necə vurmaq lazım olduğunu göstərdi. Bəzən müharibə tarixində 5-ci nəsil, bəzən isə dron savaşlarının önə çıxdığı, üstünlük təşkil etdiyi yeni mərhələ kimi xarakterizə edilən bu azadlıq savaşımızda heç şübhəsiz ki, əsas sözü canıyla, qanıyla azad edilən torpaqlara bayraq sancan Azərbaycan əsgəri deyir.

Təbii ki, yaxşı sərkərdə, yaxşı rəhbər olmasa, yaxşı ordu və əsgər də formalaşmaz. Bu mənada xalqımızın uzun illərin təcrübəsinə malik olan bir liderə - cənab Prezidentə güvənməsi, onun istənilən döyüş əmrinə müsəlləh əsgər kimi hazır olduğunu göstərməsi müharibədəki uğurlarımızın səbəblərindən biridir. Əsas amil uğurlu sərkərdə, güclü liderə sahib olmaqdır”.

Əfsanə Şükürova deyir ki, Ali Baş Komandan bir neçə cəbhədə lider kimi önə çıxaraq düşmənlə mübarizə aparır, 30 ildən sonra arzusunda olduğumuz zəfərlərin sıralanmasında əsas rol oynayır: “Cənab Prezident yalnız Ali Baş Komandan kimi orduya birbaşa əmr və rəhbərlik etməklə döyüş meydanında deyil, paralel olaraq informasiya savaşında da çox ciddi mübarizə aparır.

Bu gün dünyamız sosiallaşma, sosial media dövrünü yaşayır. İstənilən yanlış informasiya, feyk xəbər sənin Vətən müharibəsi kimi haqq işində, haqq davanda maneə ola bilər, uğurlarının qarşısında süni sədd çəkər. Ona görə də informasiya savaşında da döyüş meydanındakı kimi maksimum aktiv olmalı və daha uğurlu fəaliyyət göstərməlisən ki, ordunun əldə etdiyi uğurlarla paralel olaraq media arenasında da nailiyyətlər qazanıb haqq sözünü dünyaya operativ və səlis şəkildə çatdıra biləsən.

Bu mənada Prezidentin son bir ayda yorulmadan dünyanın aparıcı TV və xəbər agentliklərinə uğurlu şəkildə müsahibələr verməsi, Paşinyanla qatıldığı eyni verilişdə onu sözün həqiqi mənasında susdurması biz gəncləri qürurlandırmaya bilməzdi. Gənclərimiz bundan ruhlanaraq sosial mediada aktivlik göstərir, ön cəbhədə olan yaşıdlarını, ümumilikdə hərbçilərini arxa cəbhədə - informasiya savaşında fəallıqları ilə tək qoymamağa çalışırlar. Çünki hər iki cəbhədə olan mübarizə paralel şəkildə getməlidir”.

O qeyd edib ki, Azərbaycan gəncləri bu tarixi günlərin və zəfərlərin ümumilikdə dünya üçün mühüm əhəmiyyətə malik tarixi dəyişikliklərin bir hissəsi olmaqdan fəxr hiss keçirir: “Bəlkə də dünyada elə bir nümunə yoxdur ki, Azərbaycan kimi gənc, müstəqil bir ölkə beynəlxalq hüququn, nüfuzlu təşkilatların bacarmadığı işğalçı erməni problemi ilə bacardı və özü öz tarixi məsələsini ordusu hesabına həll etdi. İşğala son qoymaq üçün uğurlarının da ardını gətirməkdə davam edir. Bütün bu uğurlarda da şübhəsiz ki, Ali Baş Komandanın əmrində olan müzəffər ordumuzun hazırlıqlı olması, ən müasir hərbi avadanlıqlar, maddi texniki baza ilə təmin edilməsi mühüm rol oynayır”.

Qurum sözçüsü onu da vurğulayıb ki, bu gün ön cəbhədə kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına, peşə sahiblərinə ictimai və siyasi həyatda aktiv olmuş şəxslərə rast gəlmək olur: “Bu mənada “İrəli” İctimai Birliyinin sədrinin də döyüşlər başlayan ilk günlərdə əlinə silah götürüb torpaqların azad olunmasında iştirak etməsi təqdir edilməlidir. Arxa cəbhədə çalışanlardan tutmuş, ön cəbhədə mətin addımlarla irəliləyən peşəkar ordumuza qədər bütün xalq və cəmiyyətimiz çəkici bir nöqtəyə vurur. Hamı “Qarabağ Azərbaycandır” deyib uğurlu döyüşlər, torpaqlarınazad edilməsi üçün əlindən gələni edir.

Ali Baş Komandanın illərlə qurub gücləndirdiyi Azərbaycan Ordusunun tarixi zəfərləri ard-arda gətirməsini böyük xalq kimi qürur hissi ilə izləyirik. Bəli, biz bütün dünyaya yalnız güclü olduğumuzu deyil, genində döyüş ruhu yatan, haqsızlığa heç vaxt susmayacaq bir böyük xalq olduğumuzu sübut etdik. Cənab Prezidentin böyük əməyi və müdrikliyi hesabına güclənmiş bu ordudan zatən belə uğur və rəşadətli addımlar gözlənilməli idi. Çünki dünyanın 50 ən güclü orduları sırasına daxil olan Azərbaycan Ordusu bircə əmri gözləyirdi ki, öz dədə-baba torpaqlarını azad etsin.

Artıq düşməndən təmizlənən torpaqlara qayıdış planları, layihələri də hazırlanır. Bu gün bir qarış torpaq belə düşmən tapdağı altında qalmayacaq və bütün xalq, cəmiyyətin aparıcı qüvvəsi olan biz gənclər də buna əminik. Öz müzəffər yürüşünü davam etdirən Azərbaycan Ordusunun əsas hissəsini təşkil edən gənclərimiz son ana qədər döyüşəcəklər və işğalçıların tarixi torpaqlarımızdan tam şəkildə qovulmasını təmin edəcəklər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər