Ötən bir neçə həftə ərzində koronavirusa yoluxma statistikasında kəskin artım müşahidə olunur. Son hadisələr nəticəsində bu sayda bir az da artım gözlənilir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında tibb professoru Adil Qeybulla deyib.
Onun sözlərinə görə, vətəndaşlar cəbhədə baş verənlər səbəbilə koronavirusu unudub, ona laqeydlik göstərirdilər: "İnsanlar müxtəlif yerlərdə qələbəni qeyd edirdilər. Maska geyinmədən, sosial məsafə saxlamadan, şüarlar səsləndirərək yürüyüşə çıxırdılar. Bunlar yoluxmaya müəyyən qədər təsir göstərəcək. Artıq döyüş əməliyyatları dayandırılıb, bundan sonra karantin davranışlarına diqqət etmək lazımdır ki, yoluxma hallarının qarşısını ala bilək".
Professor bildirib ki, hazırkı vəziyyətdə sərt karantin tədbirləri, SMS icazənin tətbiqi insanların psixologiyasına neqativ təsir edə bilər: "Bu baxımdan hesab edirəm ki, evdən çıxarkən, qapalı mühitdə olarkən karantin tədbirlərinə ciddi əməl etməliyik.
Əlləri dezinfeksiya etmək, fiziki məsafə saxlamaq və maskadan düzgün istifadə etmək vacibdir. Yoluxma sayında maksimal hədd bizim görəcəyimiz tədbirlərdən asılıdır. Azərbaycanda epidemioloji vəziyyət Avropa ölkələri ilə müqayisədə yaxşıdır. Hesab edirəm ki, virus yaxın 2-3 ay ərzində tamamilə sönəcək".