13 Noyabr 2020 15:40
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 1999-cu ildən sonrakı dövr ərzində ölkə əhalisi arasında cins nisbəti əhəmiyyətli dərəcədə dəyişib. Son 20 ildə hər 1000 kişiyə nisbətdə qadınların sayı hiss edilən səviyyədə azalıb.

Teleqraf.com-un məlumatına görə, 1999-cu ildə Azərbaycanda hər 1000 kişiyә 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində 1003-ə, 2020-ci ilin əvvəlində isə 1002-yə enib.

Ekspertlər də təsdiq edir ki, Azərbaycanda demoqrafik sahədə disbalans yaranıb. Son illər doğulan uşaqlar arasında oğlanların sayı getdikcə daha çoxluq təşkil edir. Qızların sayı isə azalır. Hər bir demoqrafik prosesin əsasını ölüm, doğum və miqrasiya təşkil edir. Hazırda uşaqlar arasında cins balansı və cins nisbəti elə bir səviyyəyə çatdırılmalıdır ki, balans pozulmasın və demoqrafik proseslərə təsirini göstərməsin.

Mütəxəssislər problemlə intensiv şəkildə mübarizə aparılmasının zəruri olduğunu vurğulayırlar. Bunun üçün ilk növbədə selektiv abortlar və bundan irəli gələn təkliflər məsələsi gündəmə gətirilməlidir. Təəssüflər olsun ki, hələ də Azərbaycanda selektiv abortlar var. Doğrudur, bunun rəsmi statistikası yoxdur, amma son illər oğlan uşaqları arasındakı nisbəti götürsək görərik ki, doğulan uşaqların 52.7 faizi oğlan, 46.3 faizi qızlardır. Bu da abortlar içərisində selektiv abortların çoxluq təşkil etdiyin deməyə əsas verir. Yəni, uşağın cinsiyyətinə görə seçilir. Əgər qız uşağıdırsa, çox vaxtı hamiləlik başa çatdırılmadan süni şəkildə pozulur.

“Sağlamlıq haqqında” qanuna əsasən, hamiləliyin davam etməsi üçün qadının 12 həftəyə qədər seçim imkanı var. Hamiləlik 12 həftəni keçdikdən sonra bioloji və sosial göstərişlər əsasında hamiləlik süni şəkildə dayandırıla bilər. Əgər ananın və yaxud da uşağın sağlamlığına həyatına təhlükə varsa, həkimin və ya müvafiq icra hakimiyyətinin arayışı əsasında hamiləliyə son verilə bilər. Ümumiyyətlə, hər bir abort qadının və növbəti doğulacaq uşağın sağlamlığına mütləq mənfi təsir göstərir. Azərbaycanda qanuna uyğun olaraq selektiv abortun təsdiqi özünü tapmır.

Aparılan müşahidələr bu gün cəmiyyətdə, eləcə də ailədə oğlan uşaqlarının qızlara nisbətən daha üstün tutulduğunu deməyə əsas verir. Ekspertlər hesab edir ki, bu cür stereotiplər aradan qaldırılmalıdır. Bunu yaradan nüanslar var. Oğlan uşaqlarına nəslin davamçısı olduğuna və soyadı daşıdığına görə üstünlük verilir. Amma Azərbaycan qanunvericiliyində qızlar ailə qurduqdan sonra da ata soyadını saxlaya bilərlər. Yəni burada seçim imkanı var ki, qadın ailə qurduqdan sonra həm həyat yoldaşının, həm də ata soyadını daşıya bilər. Bu o deməkdir ki, qadın da nəslin davamçısıdır və o, öz soyadını davam etdirə bilər.

Burada digər bir məqam valideyn qocalandan sonra oğlan uşaqlarının himayəsində qalmasıdır. Bu gün kifayət qədər nümunələr göstərmək olar ki, 4-5 oğlu var, amma ata-ana ömrünün son illərini qocalar evində yaşayır. Bundan əlavə, oğlan uşaqlarının ata-anadan qalan mülkə varis olması kimi bir məsələ də diqqətdə saxlanılır. Bu gün elə oğlan övladları var ki, atadan-anadan qalan mirası zərərli vərdişlərə aludəçiliyi nəticəsində məhv edir. Bu stereotiplərin aradan qaldırılması baxımından aparılan maarifləndirmə işlərinin daha da gücləndirilməsinə ehtiyac var.

Mütəxəssislər maarifləndirmə işlərinin təkcə qadınlar arasında yox, həm də kişilər arasında keçirilməyin vacibliyini vurğulayır. Bu gün hədəf təkcə qadınlara onların hüquqlarını başa salmaq yox, həmçinin qadınların sosial həyatda iştirakını təmin etmək olmalıdır. Təkcə qadının maariflənməsi yetərli deyil. Kişilər də eyni səviyyədə maariflənməlidir ki, onlar öz qız övladlarına və həyat yoldaşlarına münasibəti dəyişə bilsinlər. Yəni onların həyata baxışları, təfəkkürü dəyişməlidir ki, mövcud stereotiplər qırılsın.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər