Valideynlər elə düşünür ki, uşaqlar nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev şagirdlərin ev tapşırıqlarının çox olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
"Bəlkə də, uşaq özü boş qalsa, daha çox öyrənər. Əslində öyrənmə başadüşmə ilə bağlıdır. Bir şeyi çox tez və yaxud çox çətin, uzun yol ilə öyrətmək olar. Bu, artıq müəllimlərin bacarığından asılıdır. Bizim tədrisin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var. Məktəbi yükləməyimizdə əsas səbəb odur ki, çox hallarda uşaqlardan soruşmadan məzmun yazılır. Öyrənmə həm də əyləncə formasında olmalıdır. Xüsusilə də aşağı yaşlarda ki, motivasiya olsun. Bu formatlara keçmək daha çox müəllimlə bağlıdır", - deyə o qeyd edib.