Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Vətən müharibəsində yaralanmış Tərlan Kərimduxtun ailəsinin sosial vəziyyəti ilə maraqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
Onun sözlərinə görə, Sumqayıtda yaşayan 5 nəfərlik (qazi özü, baba və nənəsi, valideynləri və qardaşı) ailədə Tərlanın babası və nənəsi pensiyaçıdır: “Yaxın günlərdə Tərlanın əlilliyi qiymətləndiriləcək, əlillik təyin edildikdə, o da hər ay təqaüd və müavinət alacaq. Atası Elçin Kərimduxt isə əlilliyə görə müavinətlə təmin edilir. Amma işləmək istədiyi üçün Məşğulluq Mərkəzinə dəvət olunaraq vakansiyalarla tanış edilib. Şirkətlərdən birində olan maşinist vakansiyasını seçib, həmin vakansiya üzrə də müsahibədən keçib işlə təmin olunacaq. 21 yaşlı Elvin qardaşı Tərlanın səhhətinə görə hələ ki işləmək istəmir. Lakin istədiyi vaxt onun məşğulluğu üçün iş aparılacaq. Ailə özünüməşğulluq proqramına cəlb edilə biləcəkləri barədə təklifimizi də dəyərləndirəcək. Əgər istəsələr, onlara bu proqram əsasında kiçik müəssisələrini yaratmaq üçün növbədənkənar və qısa müddətdə aktivlər veriləcək”.
F.Talıblı bildirib ki, ailəyə birdəfəlik maddi yardım da təyin ediləcək.