31 Dekabr 2020 20:16
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar kiçik yaşlarından yeni ili sanki yenilik gətirən, yeni ümidlər, yeni arzular yaradan fürsət kimi dərk edirlər. Əslində tamamilə adi bir gündür, digər günlərdən heç bir özəlliyi yoxdur. Sadəcə özümüz də bilirik ki, bir şeyi daha fərqli edən əslində bizim ona yüklədiyimiz mənadır.

Bunu Teleqraf.com-a açıqlamasında psixoloq Gülnarə Əliyeva deyib.

Onun sözlərinə görə, yeni ilə yüklədiyimiz məna isə sanki köhnə ilin hesabatını vermək, yeni motivasiya ilə, yeni arzularla, yeni hədəflərlə işə başlamaqdır: “İnsanların düşüncələri hər zaman bu yöndə olub. Əslində hər birimiz üçün il 365 gündür. Amma onu necə dəyərləndirəcəyimizi, necə planlayacağımızı çox vaxt yeni il ərəfəsində, ələlxsus həmən gün planlayırıq.

Yeni ildən çox şey umuruq. Doğrudur, çox vaxt ilk həftələrdə həmin motivasiyamız yaxşı olur, daha sonra həvəsdən düşürük. Arzular, planlar necə varsa, o formada qalır”.

Psixoloq bildirib ki, yeni ili uğurla başa vurmaq üçün ilk olaraq qarşımıza yeni hədəflər, yeni məqsədlər qoymalıyıq: “2020-ci il həm dünya, həm bizim cəmiyyət üçün fərqli il oldu. Ona görə də pandemiya ilə əlaqədar alışdığımız yeni il bayramını tamamilə fərqli formada keçirməli olacağıq. Bu, insanları bir qədər məyus edə bilər. Çünki insanların azadlığı məhdudlaşdığı üçün bayram əhval-ruhiyyəsində deyillər.

İkinci bir məsələ, müharibədən yeni çıxmış ölkə kimi şəhidlərimiz olduğu üçün insanlarda bayram ovqatı zəifdir. Şənlənmək, deyib-gülmək, süfrəni gözəl təamlarla doldurmaq həvəsimiz yoxdur. Bu, tamamilə normaldır. Mən də öz ailə üzvlərimlə birlikdə şəhidlərimizə hörmət əlaməti olaraq yeni ili qeyd etməyəcəyik. Amma təbii ki, insanların seçimidir, hər kəsə hörmətlə yanaşmaq lazımdır.

Bu günü qeyd etmək təkcə süfrə arxasında oturub deyib-gülmək, əylənmək deyil. Qarşımıza yeni hədəflər, yeni məqsədlər qoya bilərik. Bu arzulara çatmaq üçün strategiyalar təyin edə bilərik. Fikrimcə, bu şəkildə davransaq, yeni il bizim üçün daha mənalı, daha məhsuldar olar”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər