5 Yanvar 2021 15:27
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxma hallarında azalma tendensiyası hiss olunur. İnsanların xəstəxanaya müraciətlərinin sayında da bunu görə bilirik. Artıq kompüter tomoqrafiyası və digər müayinələrə gələnlərin sayında xeyli azalmalar var. Təbii, burada karantin tədbirləri də rol oynadı.

Bu sözləri professor Adil Qeybulla Teleqraf.com-a COVID-19-la bağlı son durumu qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, digər RNT daşıyıcılı viruslar kimi COVID-19 virusunun da mutasiya keçirməsi gözlənilən haldır: “Koronavirus mutasiya keçirir və bu cür ştamlar periodik qaydada ortaya çıxır. Yeni ştammın əsas xüsusiyyəti uzun müddət orqanizmdə lövbər salması və xeyli yeni xassələr əldə etməsi ilə bağlıdır. Nəticədə virus yoluxma qabiliyyətini yüksək olaraq saxlayır.

Amma ölümcül qabiliyyəti əvvəlki koronavirusdan elə də yüksək deyil. Bu baxımdan da mutasiya etmiş növü də vaksinin qarşılayacağı gözlənilir. Tədqiqatlar aparılır, konkret nəsə demək çətindir. Mutasiya virusları zəiflədir, digər tərəfdən yaranmış kollektiv immunitet tədricən onları sıradan çıxarır və gələcəkdə yeniləri əmələ gəlir”.

Professor hesab edir ki, əhaliyə vaksinlərlə bağlı düzgün informasiya verilməlidir: “Peyvəndin əhəmiyyəti, rolu və bu sahədə mühüm elmi nailiyyətlər insanlara çatdırılmalıdır. Məhz vaksinasiya nəticəsində 20-ci əsrin ən qorxulu xəstəlikləri yoxa çıxıb, uşaqların kütləvi tələfatına gətirib çıxaran qızılca, göy öskürək və sair kimi xəstəliklər bu gün yoxdur.

Təbii çiçək kimi xüsusi təhlükəli infeksiya vaksinasiya nəticəsində ləğv edilib. Ümumdünya Səhiyyə Təşkilatının siyahısından silinib. Bu infeksiya mövcudluğu dövründə 500 milyon nəfərin həyatına son qoymuşdu”.


Müəllif: Aysel Azad