12 Yanvar 2021 15:40
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman dediyimiz mövzu bir daha aktuallaşdı və gündəmə çevrildi: Ermənilər “Şuşaya hücum etdi”, ancaq real yox, informasiya təxribatı ilə...

Bu məqamda “gözlənilirdi” demək həddən artıq bəsit yanaşmadır və prosesi özündə ehtiva etmir. Məsələ bundadır ki, informasiya təxribatları, manipulyasiyalar, diversiyalar hər gün, bir neçə istiqamətdən həyata keçirilir – həm də təkcə “ermənicə” yox, rusca, ingiliscə, dünyanın digər aparıcı dillərində.

Ermənistan 10 noyabrdan sonra aktiv şəkildə bəzi istilahları siyasi leksikona oturtmaq, bu məfhumları adi normaya çevirmək istiqamətində cidd-cəhdlə çalışır və təəssüf ki, bir çox məqamda buna nail də olur.

Hələ iki ay öncə - Vətən müharibəsi bitən kimi “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması istiqamətində total bir kampaniyaya başlamaq istədik. Nəticə varmı?

Prezident İlham Əliyev “artıq təmas xətti yoxdur”, “status yoxdur”, “Dağlıq Qarabağ münaqişəsi tarixə gömüldü” deyə, olduqca mühüm və strateji yanaşma sərgiləyəndə, bu ifadələrdən imtina barədə mövqe ortaya qoyduq. Nəticə varmı?

Hələ həftələr öncə Hadrut adının dəyişdirilməsini təklif etdik. Səbəb Xankəndinin siyasi statusunu azaltmaq, eyni zamanda keçmiş DQMV ərazisində Azərbaycanın ən möhtəşəm, böyük və irihəcmli turizm və ideoloji mərkəzlərindən birinin əsasını qoymaq idi. İdeal ad isə “Heydər şəhəri” idi. Bu təklifimizdə yenə israr edirik. Kampaniyaya çevrildimi?

Yəni “Şuşaya hücum” təxribatı və Azərbaycan mediasının bu informasiya manipulyasiyasına düşməsi bu gün gözlə görünən fəsaddır və tam səmimi olaraq deyirəm ki, bunu aradan qaldırmaq onlayn medianın imkanları daxilində olduqca asandır. Ancaq strateji, altşüurlara istiqamətli informasiya manipulyasiyaları gedir ki, onlar Qarabağın gələcək taleyinə təsir edə, Ordumuzun qazandığı möhtəşəm qələbənin yaratdığı böyük imkanlarda diplomatiyamızın manevrlərini azalda bilər.

Baxın, “təmas xətti” sözü artıq Rusiya lideri Putinin dünənki çıxışında dilə gətirildi; Qarabağda “tərəflər” sözü Rusiya mediasında vaxtaşırı istifadə edilir və “tərəflər”dən birinin rus sülhməramlıları deyil, “ermənilər” olduğu bildirilir. Hətta Azərbaycanın haqlı davasında hər zaman yanımızda gördüyümüz, ədalətli baxışları ilə rəğbət doğuran və Qarabağın birmənalı olaraq Azərbaycanın olduğunu elan edən rus politoloqlar da “Dağlıq Qarabağın ermənilərin nəzarətində olan hissəsi” ifadəsindən istifadə edirlər.

Halbuki “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur, 1991-də ləğv edilib, leksikondan isə 44 günlük müharibədən sonra rədd olub çıxmalıdır.

Halbuki Qarabağda “təmas xətti” yoxdur – rus sülhməramlılarının dayandığı ərazi və rus sülhməramlılarının ora qaytardığı mülki ermənilər var. Təmas xətti üçün “erməni tərəfi” – ordusu orda olmalıdır. 10 noyabr Bəyanatına görə isə erməni ordusu və erməni silahlıları Qarabağda olmamalıdır.

Ermənistan müharibə zamanı payladığı silahların qaytarılması üçün 11 yanvar tarixinə qədər vaxt vermişdi. Bu tarixdən sonra kimin üstündə silah tutulsa, onlar məsuliyyətə cəlb ediləcəkdi.

Deyəsən, Ermənistan “unudub” bu elanını, Azərbaycan təbliğat maşını da bunu yada salmaqda maraqlı görünmür. Niyə?

Hadruta qayıdaq. Niyə Hadrutla bağlı proses başlatmışdıq? Niyə bu qəsəbənin qədim adı – Ağoğlanın bərpasını yox, Heydər şəhəri olmasını istəyirdik?

Səbəbini bir daha xatırladaq: Heydər Əliyevin bu xalqın taleyində oynadığı rol bütün dünyaya bəllidir. Heydər Əliyevin adı ilə adlanan şəhərə Azərbaycan dövlətinin və xalqının Şuşa qədər həssaslıqla yanaşacağını da dünya bilir – elə ermənilər də. Bu reallaşsa və bu istiqamətdə təbliğatımız artsa, ermənilər cəsarət edib, Hadruta qayıtmaq məsələsini gündəmə gətirməzdilər.

Gətirmirdilər də - ancaq ilk dəfə dünən, 11 yanvarda erməni mediasında bu barədə təşəbbüslərə başlandı. Demək, indi də bu informasiyanı beyinlərə yeritməyə çalışırlar.

Saymaqla bitməz, deməklə tükənməz sadaladıqlarımız: media hər zaman bu cür savaşdadır və biz heç vaxt “tərxis” olunmuruq: nə dinc dövrdə, nə savaş zamanı, nə də başqa vaxt.

Təəssüflə deməyə məcburam ki, Azərbaycanda bəzi barmaqla sayılacaq media qurumları istisna olmaqla, media təmsilçilərimiz hətta 8 noyabrda özlərini “tərxis” etdilər və yaxud heç “ordu”ya çağırılmamışdılar da: çünki, həmkarımızın sözü ilə desək, “avtomatın” (qələmin) qundağı ilə lüləsini (informasiya manipulyasiyasının mahiyyətini) ayıra bilmirlər.

Ordu üçün zabit önəmlidir, media üçün peşəkar kadrlar, təcrübəli, analitik təfəkkürü olanlar. Və onlar gecə-gündüz düşmənlə üzbəüz mövqedəki postda gözünü qırpmadan, yatmadan çalışmalıdır.

Neçə media mənsubumuz var ki, sutkanı çalışır və düşməni izləyir? Neçə media mənsubumuz var ki, bu barədə hər gün düşünür, yazır və ciddi informasiya savaşı aparır?

Təcrübəsi olanların bir çoxu artıq hamınıza bəlli olan uzunmüddətli yanlış media siyasətinin sayəsində mediadan uzaqlaşıb və yaxud uzaqlaşdırılıb, onların yerinə bir çox halda təcrübəsiz uşaqlar gəlib və yaxud “gətirilib yerləşdirilib”, cəmiyyətə də, dövlətə də onlar təqdim edilib, bəziləri artıq “media biznesi ilə” məşğul olduğunu deyərək, informasiya savaşından özünü “təcrid edib” və “pensiyaya” çıxıb...

Ona görə peşəkarlıqdan əziyyət çəkirik və yaxud peşəkarlıqdan əziyyət çəkməyimizin bir səbəbi də budur.

Digər səbəbi odur ki, ənənə yaratmırıq. İllərlə yetişdirdiyimiz kadrları hansısa səbəbdənsə daha geniş maliyyə resurslarına sahib olan media qurumları çəkib aparır. Kadrların “istehsalı” getmir, ancaq çox azsaylı yetişdirilənlərin ordan-bura, burdan-ora “transferinə” üstünlük verilir.

Əziyyət çəkmək, bu istiqamətə vəsait ayırmaq, gənclərə yatırım qoymaq, onlar üçün əsəb, enerji, vaxt xərcləmək istəmirik (Cəmdə ona görə deyirəm ki, kimsənin xətrinə dəyməsin, ancaq bizim qurum illərdir nə mümkündür, edir).

Nə etməliyik?

Hələ Vətən müharibəsindən çox-çox öncə bu istiqamətdə fəaliyyətimizin əlaqələndirilməsi, texniki imkanlarımızın genişləndirilməsi, kadrların hazırlanması təkliflərilə çıxış etmişdik.

Yenə təkrarlayaq:

1. Maddi-texniki baza güclənməlidir. Bunun üçün KİVDF dəstək göstərə bilər.

Azərbaycandakı bütün nazirliklərə hər il ayrılan vəsaitin bir faizi reklama xərclənmək üçün nəzərdə tutulur. Hara xərclənir o vəsaitlər? Heç kəsin baxmadığı, onminlərə başa gələn “sosial çarx”lara, yaxud nazirliklərin heç kəsin oxumadığı print mediasına, jurnalına və s. Nə ehtiyac var bunlara? Bu vəsaitin reklam şərtləri ilə böyük media qurumlarına verilməsi daha effektiv nəticələrə səbəb olmazmı?

2. Bütün nazirliklər, komitələr qrant layihələr həyata keçirir. Necə keçir o qrant layihələr? Hardadır o təbliğat materialları? Yüzminlər ayrılır o qrantlara. Nəticəsi?

Nəticəsi budur: “Naqornıy Karabax” yazın, axtarış verin, ən yaxşı halda Azərbaycanın maraqlarına uyğun, yəni həqiqəti əks etdirən və azərbaycanlılar tərəfindən yerləşdirilən min məqalə çıxacaq, video isə barmaqla sayılacaq qədər.

Amma erməni mənbələrinin milyonlarla məqaləsi ilə, Yutubda onminlərlə videosu ilə üzləşəcəksiniz.

Etiraf edək ki, bu məsələdə onların diasporunun gördüyü iş ölçüyəgəlməzdir, yəni bu, Ermənistandakıların işi deyil və son günlər bizim fəallığımız erməniləri üstələyib. Ancaq bu fəallığımız Azərbaycanın imkanlarından çox-çox aşağıdır.

3. Yutubun imkanlarından istifadə sistemləşdirilməlidir, pərakəndə olmaz.

4. Kadrların yetişməsinə tələbəlik illərindən diqqət edilməlidir. Biz hansısa maddi dəstəklə jurnalistika fakültəsinin tələbələrini cəlb etməli, istedadlılara dəstək verməli, daha sonra da onların xaricdə təhsilini və ya kurs keçməsini təmin etməliyik.

5. Hərbi jurnalistikamız, demək olar ki, yoxdur. Vətən müharibəsini yada salın. İş o yerə çatdı ki, Müdafiə Nazirliyi müharibənin gedişində cəbhə istiqamətində olan azsaylı jurnalistlərimizi ərazidən çıxartmağa məcbur oldu. Niyə?

Çünki yanlışlar etmişdilər. Məlum oldu ki, bizim hərbi jurnalistika sahəsində - bu, olduqca spesifik sahədir - çox ciddi çatışmazlıqlarımız var.

Bəs, indi necədir? Bu yanlışı aradan qaldırmaq üçün Müdafiə Nazirliyinin peşəkarları hansı addım atır? Mediamız bununla bağlı MN-lə işləyirmi? Bu kadrlar üçün xarici təhsil ocaqları araşdırıldımı? Yox!

...Açıq yazmaq mümkün olanlardan da artığını yazdıq – yetər bu qədər. Gerisini media və aidiyyəti qurumlarla qapalı müzakirə etməliyik və... birlikdə çalışmalı, birlikdə olmalıyıq!


Müəllif: Aynur Camalqızı