18 Yanvar 2021 15:28
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Tianjin vilayətində bir şirkətə məxsus dondurmalarda COVID-19 infeksiyası aşkarlanıb. Baş verən hadisə yenidən virusun qidalar vasitəsilə orqanizmə keçmə ehtimalını aktuallaşdırıb.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Teleqraf.com-un suallarını cavablandırıb.

- Eyyub müəllim, Çində 4 836 dondurmadan götürülən test nümunələrində COVID-19 virusu aşkarlanıb. Virusun qidalar vasitəsilə orqanizmə keçməsi barədə yeni elmi məlumatlar varmı?

- İstər qidalarla, istərsə də hər hansı bir cisim vasitəsilə koronavirus bir yerdən digərinə hərəkət edə bilir. Məlumdur ki, virus nəfəs yolu ilə yayılır. Koronavirus soyuğa davamlıdır, bu səbəbdən dondurma vasitəsilə insan orqanizminə keçmə ehtimalı yüksəkdir.

Ümumiyyətlə, koronavirus haqqında biliklər azdır. Bu səbəbdən, mümkün qədər ehtiyatlı olmaq və qorunmaq lazımdır.

- Bişirilmiş qidalar necə?..

- Bişirilmiş hazır qidalardan da virusun keçməsi istisna olunmur. Bir qisim qidalar var ki, istehsal prosesində bişirilmə zamanı içinə virus düşə bilər. Lakin marketdən alınan məhsul evdə yüksək temperaturdan bişirilsə, belə bir təhlükə aradan qalxar.

- Amma ilkin ehtimallarda virusun yarasa şorbasından yayıldığı qeyd olunurdu...

- Təbii, bu ola bilər. Çünki virusun mənbəyi və yayılma xüsusiyyətləri barədə hələ ki birmənalı məlumatlar əldə olunmayıb.

- Bu gün pandemiya səbəbilə insanlar onlayn alış-verişə üz tutublar. Xaricdən alınan məhsullar vasitəsilə virusa keçmə ehtimalı varmı?

- Qeyd etdiyimiz kimi, virus bir çox vasitələrlə yayıla bilər. O cümlədən, malların üzərində, marketdə alış-veriş etdiyimiz zaman plastik torbalarla viruslar evə daxil ola bilər.

- Ölkəmizdə vaksinasiya başlayıb, vətəndaşlara tövsiyəniz varmı?

- Tövsiyə edirəm ki, insanlar vaksinasiyadan çəkinməsinlər. Bu, elmi əsaslandırılmış məsələdir. Dövlətə dəstək olaraq, vətəndaşlarımız vaksinasiya olunsunlar. Eyni zamanda, vaksinasiyadan sonra rahatlaşmasınlar.

Virusa qalib gələnə qədər bütün qaydalara əməl etmək vacibdir. Çünki virusun elmə məlum olmayan yayılma, mutasiya kimi xüsusiyyətləri var. Mümkün qədər soyuqdan qorunsunlar. Bu virus adi qriplə birlikdə də orqanizmə daxil olur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər