Pandemiya müddətinin uzanması bir çox problemləri də özü ilə gətirdi. Bu dövrdə ən geniş yayılan şikayətlərdən biri artıq çəki oldu. Buna bağlı olaraq stress faktorunun da çoxalması həmin problemlər arasında yer alır. Bu hal nəinki böyüklərdə, məktəblilərdə də çox rast gəlindi. Bütün bunların səbəbi qeyri-sağlam qidalanmadan qaynaqlanır.
Bunu Teleqraf.com-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova pandemiya dövründə qidalanma haqqında danışarkən deyib. Onun sözlərinə görə, oturaq həyat tərzi qarın, bel, bud, qol nahiyələrində piylənməyə səbəb olur:
“Bununla yanaşı, piylənmənin səbəbləri arasında yorğunluq, təngnəfəslik, daimi tənbəl hiss etmək, qidalanma vərdişlərinin pozulması da yer alır. Qidalanma və sağlamlığa təsir edən yuxu rejiminin pozulması da bu hallara aiddir. Günün xüsusilə gecə saatlarında qidalanma, gec yatma halları insanların sağlamlığına mənfi təsir göstərdi.
Araşdırmalarımın nəticəsində belə qənaətə gəlirəm ki, bu hal davam edərsə, bir neçə ildən sonra, yaxın 10 il ərzində dünya əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkəcək”.
Mütəxəssisin fikrincə, COVID-19-dan qorunmaq üçün görülən bəzi tədbirlər digər xəstəliklərin qazanılmasına səbəb olub: “Bu gün artıq çəki və piylənmə problemin görünən tərəfidir. Görünməyən tərəfi piylənmə nəticəsində daxili orqanlarımızın funksiyalarının pozulmasıdır. Bu hal gələcəkdə digər təhlükəli xəstəliklərin yaranmasına səbəb olacaq. Həmin xəstəliklərə ilk növbədə şəkərli diabet, yüksək təzyiq, xolesterin, sonsuzluq, qaraciyər və öd kisəsinin funksiyalarının pozulmasını, ən təhlükəlisi ilə xərçəngi nümunə göstərə bilərik. Bir çox insanların gündəlik rejiminin kəskin dəyişməsi, daha çox evdə vaxt keçirməsi, qidanın günün istənilən saatında əl çatanlığı psixoloji cəhətdən də mənfi təsirlərini göstərməkdədir. İnsanlar da psixoloji cəhətdən belə mənfi təsirlərə məruz qaldıqda, depressiyaya qapılır. İnsan depressiyaya məruz qaldıqda isə məhz qidaya üz tutur. Yenə də rejimsiz qidalanma öz işini görür”.
Məhsəti Hüseynova bildirib ki, qarşıdakı müddətdə sağlam qalmaq, xəstəliklərdən uzaq olmaq üçün həyat tərzimizdə ciddi dəyişikliklər etmək lazımdır: “ Əgər həyat tərzində dəyişiklik etməsək, sadaladığım xəstəliklərdən yan keçmək mümkün olmayacaq. Bir insanın orqanizmindən söhbət gedirsə, sağlamlıq problemi varsa, həkimin, mütəxəssislərin köməyi ilə problemi aradan qaldıra bilər. Əgər şikayəti yoxdursa, gündəlik həyat tərzində özü bir sıra dəyişiklikləri etməklə sağlam qala bilər. Hər bir orqanizm üçün fərdi qidalanma planı təyin olunmalıdır. Ən azından gündəlik yediyimiz qidaların həftəlik menyu şəklində hazırlamayıq.
Eyni zamanda, fiziki aktivlik, gündəlik proqram olaraq hazırlanmalı, bölgü aparılmalıdır. Məsələn, səhərlər günün 15-20 dəqiqəsini bu proqrama ayırmaq lazımdır. Açıq havada gəzmək vacibdir. Yarım saat, 40 dəqiqə havada gəzmək orqanizm üçün xeyli faydalıdır. Qidalanmada mütləq gündəlik sərf olunan enerji ilə qəbul edilən qidaları balanslı şəkildə qəbul etmək lazımdır. Artıq qəbul edilən qida enerji ilə sərf olunmadıqda, piylənməyə səbəb olacaq.
Daha çox tez həzm olunan, azyağlı qidalar qəbul etmək vacibdir. Mütləq yuxu rejimi nəzarətdə saxlanılmalıdır. Yuxu rejimi dedikdə, bir çox insanlar gündə 7-8 saat yatmağın faydalı olduğunu bilir, amma bu müddətin hansı aralıqda vacib olduğuna diqqət etmir. Əgər sağlam yuxudan danışırıqsa, 23:30-dan gec oyaq qalmamalıyıq. Səhər saat 7-8-ə qədər yatmaq sağlam yuxu hesab olunur.
Yuxusuzluq insanda davamlı aclıq hissi yaradır. Aclıq hissi yüksək kalorili qidalara təlabatı artırır. Bu qidaları qəbul etdikdə, hormonal balans pozulur”.
Həkim qeyd edib ki, sevdiyimiz qidalar əslində ən zərərli qidalar hesab olunur: “Mən bu qidalara nümunə olaraq müxtəlif şirniyyatlar və un məmulatlarının adını çəkə bilərəm. Bu qidalar sevilsə də, ən gec həzm olunan və piylənməni sürətləndirən qidalardır. Məsələn, sevdiyimiz şirniyyatları faydalı şəkildə hazırlaya bilərik. Zövqlərə uyğun olaraq çərəzlərdən, quru və təzə meyvələrdən, yulafdan, toxumlardan, müxtəlif növ ədviyyatlardan istifadə edərək çox faydalı və dadlı şirniyyatlar hazırlamaq mümkündür. Bu şəkildə hazırlanan qidalar şirin olsa da, orqanizmin artıq çəki qazanmasına səbəb olmur. Eyni zamanda, orqanizmin sağlamlığı üçün lazım olan mikro və makro elementlərlə zəngin olan qida hesab olunur.
Orqanizmimiz standart çalışma mexanizminə malikdir. O, pandemiya, bayram deyə fərqliliklərə tab gətirmir. İstənilən yanlış davaranış sağlamlığın pozulmasına xidmət edir. Mütləq pandemiyada və pandemiyadan sonra düzgün həyat tərzini və sağlam qidalanmanı vərdiş halına gətirməliyik”.