9 Fevral 2021 17:05
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 yanvardan etibarən ölkəmizdə COVID-19 virusuna qarşı vaksinasiya başlayıb. İlkin mərhələdə tibb işçilərinin vaksinasiyası həyata keçirildi. Fevralın 8-dən isə ikinci mərhələyə - 65 yaşdan yuxarı şəxslərin könülü müraciət əsasında peyvəndlənməsinə başlanılıb. Maraqlıdır, proses necə gedir? Müraciət edənlər varmı?

Suallara cavab tapmaq üçün Teleqraf.com-un əməkdaşları 2 nömrəli Şəhər Poliklinikasına baş çəkiblər.

Günün ikinci yarısı olmasına baxmayaraq, poliklinikada qələbəlik müşahidə olunur. Əhali arasında peyvənd haqqında gəzən şayiələrə baxmayaraq, müraciət edənlər çoxluq təşkil edir.

Könüllülər portalda qeydiyyatdan keçir, randevu əsasında poliklinikaya müraciət edirlər.

Gələn şəxslər ilk olaraq müayinə edilir, daha sonra peyvənd otağına yönəldirilirlər.

Peyvənd olunmaq üçün gələnlərdən biri də Məhərrəm Məmmədovdur. 68 yaşlı müsahibimiz həyat yoldaşı ilə birlikgə gəlib. O deyir ki, ətrafında peyvənd olunanlar var və heç bir əks-təsir müşahidə etməyib:

“Peyvənd olunmaq lazımdır. Əgər insan bilirsə ki, xəstələnmə ehtimalı var, vaksin müəyyən qədər bu ehtimalın qarşısını alırsa, nəyə görə ondan imtina etməlidi? Hazırda yoluxanların sayı azalıb, insanlar sakitləşib. Yoluxma sayı çoxaldıqdan sonra peyvənd vurdurmaq üçün növbəyə durmağa başlayacaqlar. Vaksinlərin sayı məhduddur.

Müxtəlif şayiələr gəzirdi, elə COVID ilk yayıldığı müddətdə də hərə bir fikir səsləndirirdi, virusa inanmırdılar. Halbuki virusu inkar etmək olmaz”.

Poliklinikanın şöbə müdiri Solmaz Hadıyeva bildirdi ki, ötən gün 22, bu gün isə 20 nəfər artıq peyvənd olunub: “Peyvəndləmə aparılan müdətdə heç bir şikayət olmayıb. Bir neçə nəfərdə yüngül qızıdırma olub ki, bu da stress və həyəcandan qaynaqlanır. Vətəndaşlar vaksin vurdurduqdan sonra normal həyata davam edə bilər. Sadəcə iki gün çimmək olmaz. Bu da inyeksiya yerinə infeksiya keçməməsi üçün zəruridir”.

Vaksiya olunan könüllülər yarım saat ərzində poliklinikada gözləməlidirlər. Əgər hansısa əks-təsir yoxdursa, evə buraxılırlar.

Foto: Ceyhun Rəhimov


Müəllif: Aysel Azad

Oxşar xəbərlər