İqlim dəyişmələri üzrə ekspert Məhərrəm Mehtiyev mövcud hava şəraiti ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Məhərrəm müəllim, sonuncu dəfə nə zaman Bakıda belə hava müşahidə edilib?
- Şaxtalı soyuq hava son 10 ildə 2008-ci ildə Bakıda müşahidə olunub. O zaman temperatur 8 dərəcəyə qədər aşağı enmişdi. Hazırkı kimi güclü qar və çovğunla müşahidə olunmuşdu. Daha sonra 2012-ci ildə güclü qarın şahidi olduq. O zaman yanvarın ilk 10 günlüyündə şaxtalı hava şəraiti hökm sürdü.
Bu il isə fevralda şaxtalı hava müşahidə edirik. Bakıda fevral ayında belə havanın olması nadir hallarda baş verir. Fevral ayında belə şaxtalı hava sonuncu dəfə 30 il əvvəl qeydə alınmışdı.
- Sizcə, qarşıdakı həftələrdə qarlı hava davam edəcəkmi?
- Hazırkı soyuq hava şəraitinin nə qədər davam edəcəyini demək bir qədər çətindir. Çünki ötən həftələrdə də qarlı hava müşahidə olundu. Ümumiyyətlə, hava proqnozu ilə bağlı dəqiq məlumatı yaxın 3 günə qədər demək mümkün olduğu üçün sonrakı dövrlə bağlı danışmaq mümükün deyil.
- Hazırkı soyuq hava kütlələri hansı istiqamətdən gəlib?
- Rusiyadan, ölkəmizin şimalından... Daha dəqiqi, hava kütlələri Rusiyanın cənubundan, Dağıstan vilayətindən gəlib.