1 Mart 2021 14:15
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 virusunun ölkəmizdə qeydə alınmasından bir il ötdü. Pandemiya səbəbilə ən çox təsirlənən sahələrdən biri də təhsil sektoru oldu. Ötən il mart ayının 2-dən etibarən COVID-19 infeksiyasından qorunmaq məqsədilə tətbiq olunan qaydalar çərçivəsində təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq təxriə salındı. Sentyabrda tədris qismən bərpa olunsa da, yoluxma sayı artdığına görə dərslər yenidən onlayn qaydada tədris olundu.

Fevral ayının 1-dən isə ölkə üzrə qismən ənənəvi tədris yenidən bərpa edildi. Bəs məktəblərdə vəziyyət necədir? Qaydalara əməl olunurmu?

Teleqraf.com-un əməkdaşları Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbdə olublar.

Məktəbin girişində hər kəsin hərarəti yoxlanılıb, əlləri dezinfeksiya olunduqdan sonra içəri buraxılır.

Bizi girişdə məktəbin direktoru Samirə Əkbərova qarşıladı. Samirə xanım qeyd etdi ki, ənənəvi tədris bərpa olunduqdan sonra bütün siniflərdə şagirdlər qruplara bölünüb və növbəli şəkildə tədris həyata keçirilir:

“Siniflərdə şagirdlər arasında 2 metr sosial məsafə saxlanılmasına diqqət olunur. Ümumdünya Səhiyyə Təkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq azyaşlı şagirdlər könüllü şəkildə maska geyinir.

Bu günədək məktəbdə bir şagirddə COVID-19 infeksiyası aşkarlanlıb. Yoluxma hadisəsi məktəbdən kənar qeydə alınıb”.

Məktəbdə hər sinif otağında ayrıca dezinfeksiya edici məhlul və tibbi maskalar qoyulub. Hər dərs arası 15 dəqiqə sinif otaqları havalandırılır.

Qeyd edək ki, ənənəvi tədris bərpa olunduğu 1-21 fevral tarixlərində nazirlik tərəfindən aparılan statistikaya görə, ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225, virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfərdir.

Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər