6 Mart 2021 09:05
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb elmləri doktoru, professor İbadulla Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- İbadulla müəllim, ölkədə COVID-19-a yoluxma sayı artmaqdadır. Pandemiyanın gedişatı ilə bağlı fikirləriniz necədir?

- Dövlət bütün tədbirləri görür. Azərbaycanda tətbiq olunan əks-epidemik tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən digər ölkələrə nümunə göstərilib. İlk gündən apardığımız əks-epidemik tədbirlər nəticə verib. Bəli, yoluxma artıb-azalır. Buna səbəb əhalinin qaydalara tam riayət etməməsidir.

Dəfələrlə deyilməsinə baxmayaraq, yenə də maskasız küçədə gəzənlər var. İctimai nəqliyyatda biri maskanı düzgün taxırsa, digər çənəsinə çəkir. Söz də demək olmur, deyən kimi hücuma başlayırlar. Burada yeganə çıxış yolu insanın özünün-özünü qorumasıdır.

- Üçüncü dalğa kimi gözləntiniz varmı?

- Pandemiya bitməyə doğru gedir. Düşünürəm ki, bununla da pandemiya bitəcək. Pandemiyalarda dövrülük var. Bu pandemiya da öz-özünə sönüb getməlidir. Bu isə insanların qaydalara nə dərəcə riayət etməsindən asılıdır. Hava isinməyə başlayır, yay fəsli gəlir. Epidemiploq kimi düşünürəm ki, ölkəmiz üçüncü dalğadan kənar qalacaq.

- Vaksinasiya 3 aya yaxındır davam edir. Prosesi necə qiymətləndirirsiniz?

- Dövlət əhalinin vaksinasiyasına külli miqdarda məbləğ ayırıb. Bəziləri şayiələr səsləndirirlər. İstifadə olunan hər bir vaksin yoxlanışdan keçirilir. O cümlədən COVID-19-a qarşı vaksinlər sınaqlardan keçirildikdən sonra əhaliyə tətbiq olunur. Hazırda əhalinin müəyyən qrupu yayılan söz-söhbətlərə inanaraq vaksindən imtina edir.

Əgər vaksin olmasaydı, insanlar xəstəliklərdən sağ çıxmazdı. Yaşlı nəslin nümayəndələrinə baxsanız, hər birində vaksinin izi qalıb. Bu gün də poliklinikalarımız, sahə həkimlərimiz anadan olan uşaqlara doğum evindən başlayaraq peyvənd edirlər.

Mənim bir fikrim var, hər kəs öz sağlamlığını qoruyursa, o, özünün həkimidir. Vətən müharibəsi zəfərimizdən sonra bir müddət qaydalara riayət etməklə pandemiyaya qalib gələ bilərik. Dəfələrlə deyildi ki, azad olunan ərazilərə qanun çərçivəsində, icazə verildiyi halda gedilsin. Amma insanlar qanunsuz halda gedib, minaya düşürlər. Bu da eynidir, yaşamaq istəyən vaksini vurdursun.

- Siz vaksin vurdurmusunuzmu?

- Mən 18 yanvarda birinci doza vaksini, 21 fevralda isə ikinci doza vaksini vurdurmuşam. Özümü əla hiss edirəm. Heç bir əks-əlamət olmadı. Əks-təsirlər haqqında danışanlar vaksin vurdurmayanlardır. Mənim bütün ailə üzvlərim peyvənd olunub, hər birimiz özümüzü yaxşı hiss edirik.

Bundan artıq dövlət nə etsin? Əhalidə xof yaratmasınlar, mütəxəssis deyəndən sonra hərəkət etsinlər.

- Peyvənd olunan şəxslərə dünya ölkələrində vaksin pasportu verilir. Bunun nə kimi əhəmiyyəti var?

- Xaricə gedəndə vaksin pasportu olmadığı halda bizi qəbul etməyəcəklər. Qanunsuz yolla xaricə gedən pasportsuz şəxs aşkarlananda karantinə alınacaq. Belə halların qarşısını almaq üçün vaksin pasportunun verilməsi vacibdir. Peyvənd olunduğum üçün hazırda mənim bunu təsdiq edən sertifikatım var.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər