COVAX proqramı Ümumdünya Səhiyyə Təşkilatının və Ümumdünya Pandemiyalara Nəzarət Alyansının birgə iştirakı ilə yaranmış platformadır. Bu, vaksinlərin əlçatan olmasını təmin edən və effektiv vaksin portfelindən seçim etmək imkanı yaradan bir sistemdir. Azərbaycan da COVAX proqramına qoşulan az sayda ölkələrdəndir. Dövlətimiz bununla maliyyə imkanı zəif olan ölkələrin vaksin almasını asanlaşdırmaq prinsipinə dəstəyini nümayiş etdirib. Eyni zamanda məqsəd vaksinin bərabər paylanmasını təmin etməkdən ibarət olub.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.
Komitə üzvü deyib ki, bu, Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizə çərçivəsində qoşulduğu mühüm bir çağırış idi: “Ölkəmiz bu proqrama qoşularaq, maliyyə yardımı etməklə ümumi bəlaya qarşı mübarizədə öz mövqeyini sərgiləyib. Bu, Azərbaycanın qlobal çağırışlara olan yanaşmasını ortaya qoyur. Amma fakt odur ki, COVAX öz addımları ilə qlobal mübarizədən imtina edir. Hətta ölkəmiz bu proqrama ilk qoşulanlardan biri olsa da, “Fayzer” vaksinlərinin gətirilməsi ləngidilirdi. Bu barədə cənab Prezident BMT tribunasından öz fikirlərini bildirib”.
Deputatın fikrincə, vaksinin ədalətli bölgüsü üçün səylər birləşdirilməlidir: “Pandemiyaya qarşı mübarizədə qlobal çağırış ən effektiv üsullardan biri olacaq”.
İlham Məmmədov qeyd edib ki, bu gün insan haqları, demokratiyadan danışanlar ümumbəşəri bəlaya qarşı mübarizədə ayrıseçkiliyə yol verir: “Kanada kimi dövlətlər əhalisinin sayından dəfələrlə artıq vaksin alır. Bu, açıq şəkildə qeyri-bərabər bölgünün nəticəsidir. Digər ölkələrin, xalqları taleyin ümidinə buraxılır. Bu isə ədalətsizlikdir. Paralel olaraq BMT-nin, ÜST-ün və COVAX-ın platformasına qoşulan dövlətlərə qarşı açıq hörmətsizlikdir. Bu yanaşma ilə beynəlxalq həmrəyliyə açıq şəkildə böyük bir zərbə vurulur”.
Millət vəkili ədalətsizliyə görə Azərbaycanın ümumbəşəri bəlaya qarşı imkanların səfərbər edilməsi çağırışlarından danışıb: “Dövlətimiz tək öz xalqının deyil, digər xalqların da sağlamlığı və təhlükəsizliyini düşünür. Sözsüz ki, Azərbaycan öz işini daha ehtiyatlı tutaraq digər vaksinin ölkəmizdə tətbiqini həyata keçirib. Çünki insanların sağlamlığı, vətəndaş amili dövlətimiz üçün əsas prinsipdir”.