30 Mart 2021 16:40
3 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllərlə həsrətini çəkdiyimiz torpaqlara, o torpaqları ifadə edən simvollara nəhayət ki, qovuşa bildik. Bu il yurdumuzda xarıbülbül ətri bahar təravətinə qarışdı. Xarıbülbülün ətrini artıq paytaxtda da ala bilirik.

Zirə qəsəbəsində yerləşən 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş xarıbülbül yetişdirir.

Teleqraf.com-un əməkdaşları olaraq bu fəaliyyətlə tanış olmaq üçün yollandıq Zirə qəsəbəsinə.

Aqronomiya və bitki yetişdirmək sahəsində həmişə fərqlənmiş qəsəbə ərazisində bu dəfə Qarabağın simvolu yetişdirilir. Bu isə daha bir ilkdir... Peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimova deyir ki, şagirdlərlə bərabər yetişdirdiyi, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib.

Onun sözlərinə görə, nazlı bitki olan xarıbülbülü hər adam becərə bilməz: “Xarıbülbülün torpağını şagirdlərlə birlikdə hazırladıq. İlk olaraq çiçəyi təcrübə olaraq yetişdirmişəm. Sonra bunu şagirdlərlə birlikdə layihə halına gətirməyi qərara aldıq. Bu layihəni məktəbimizin Vətən müharibəsi şəhidləri Elçin Əliməmmədov, Samir Mehdiyev, Emin Qədirova həsr etmişik”.

Əksəriyyət kimi bizi də bir sual maraqlandırırdı: bəs deyirdilər, xarıbülbül ancaq Şuşada bitir? Hicran Kərimova bildirir ki, bu, yanlış məlumatdır: “Xarıbülbül kiçik Qafqazda, müxtəlif zonalarda, dağlıq zirvələrdə bitir. Sadəcə olaraq xarıbülbül Şuşanın simvoludur, orada bu bitkinin daha çox növü yayılıb. Qarabağda Cəbrayıl və Laçın yolunda xarıbülbülün müxtəlif növləri var. Bizim iki aylıq zəhmətimizdən sonra xarıbülbül ilk çiçəyini yanvarın 20-də verdi. 20 yanvar günü bitkinin çiçək açması bizi çox təsirləndirdi. O zamandan çiçəkləyir...”

Çoxillik bitki olan xarıbülbül yazda çiçək açır, yayda yatır, payızda yenidən oyanır. Hicran Kərimova qeyd edir ki, bu çiçək özündə 3-4 bitkinin xarakteristikasını birləşdirir: “Tülpan, nərgiz, fiyalka, orxideya kimi çiçəklərinin xüsusiyyətləri onda var. Yaxşı qulluq olunduğu zaman yaxşı nəticə alınır. Çiçəyin elmi adı ofiristdir, el arasında xarıbülbül, tikanlı gül kimi tanınır”.

Çiçəyin yetişdirilməsində iştirak edən şagirdlər də təəssüratlarını bizimlə bölüşdülər. 10-cu sinif şagirdi Nigar Ağazadə gələcəkdə bu sahəni davam etdirmək istədiyini deyir: “Qırmızı kitaba düşmüş Qarabağın simvolu olan xarıbülbülü Bakıda yetişdirməyi bacardıq. Çox gözəl nəticə əldə etdik. Bu uğuru bütün şəhidlərin ruhuna həsr edirik”.

Xarıbülbülün yetişdirilməsində əməyi olan Sənan Bağırov çiçəyin quruluşu haqqında məlumat verdi: “Xarıbülbül orxideya qrupuna aiddir. Sünbüllülər fəsiləsinə oxşayır, onlar kimi gül açır. İldə bir dəfə gül açır, yay aylarında yatır. Payız aylarında yenidən oyanır. Çiçək iki-üç gündən bir torpağı quruduqdan sonra 200 qram su ilə tozvari şəkildə sulanır”.

Peşə təmayüllü siniflərin qrup rəhbəri Xeyransa Quliyeva deyir ki, xarıbülbülün yetişdirilməsi sosial layihədir. Onun sözlərinə görə, bu təklif şəhidlərin xatirəsini yad etmək üçün irəli sürülüb: “Layihə çərçivəsində mebel ustası xüsusi dibçəklər hazırlayacaq, aqronom da bu dibçəkləri xüsusi bitkilərlə bəzəyəcək. İlk olaraq ağla xarıbülbül gəldi. Hicran xanım da bu işi sevə-sevə həyata keçirdi.

Ötən ildən etibarən bu çiçək bizdə var. Lakin layihə olaraq bu ildən ictimailəşdirdik. Burada çox böyük əmək, əziyyət var”.

Xeyransa Quliyeva bildirdi ki, hazırda ölkə üzrə 35 peşə təmayüllü sinif var, ötən il isə bu siniflərin sayı 20 olub: “Mütəxəssisimiz Hicran xanım ötən il İsraildə peşə təmaüllü kursda iştirak edərək, yüksək nəticə ilə ölkəyə qayıtdı.

Peşə təmayüllü siniflərin yalnız 5-i Bakıdadır, Zirə, Binə, Buzovna, Qobu, Maştağa qəsəbələrində yerləşir. Digərləri rayonlardadır. Hazırda 4 ixtisas qrupumuz var, qənnadçılıq, mebel quraşdırma, aqronom və IT mütəxəssisi. Ötən il aqronom və dərzi mütəxəssisləri ilə işlədik. Keçən il aqronomluqda təhsil alan 10-cu siniflər bu il mebelquraşdırmada təhsillərini davam etdirirlər. Dərzilər isə qənnadçılıq üzrə oxuyurlar.

Bu il 9-cu sinifə gəlmiş məzunlar IT mütəxəssisi və aqronomluğu seçirlər. Aqronomluq ixtisasını hər il tədris etməyi planlayırıq. Çünki aqronomluq ən çox ehtiyac duyulan sahədir. Biz qəsəbə mühitində yaşayırıq. Əkinçilik qədim adət-ənənəmizdir. Zirə hər zaman öz təsərrüfatı ilə seçilib”.

Xeyransa Quliyevanın sözlərinə görə, peşə təmayülünə yalnız 10-11-ci siniflər cəlb olunur: “Şagirdlər məktəbin 3 günü ümumtəhsil fənlərini keçirlər, həftənin 2 günü isə peşə dərsləri tədris olunur. Peşə təhsili dərslərimizdə digər məktəblərdən də iştirak üçün müraciətlər gəlib. Hazırda 9-cu siniflər üçün peşə təmayüllü siniflərin tanıtımını həyata keçiririk. Onlar üçün xüsusi videoçarxlar hazırlamışıq ki, məlumatlansınlar. Sadəcə hazırda problem nəqliyyatla bağlıdır. Avtobusların intervalının çox olması dərslərin səhər saatlarında başlaması problemlərə səbəb olur.

Əsas məqsədimiz odur ki, şagirdlər təhsildən geri qalmasın. 9-cu sinfi bitirdikdən sonra şagirdlər heç nə bacarmadan həyata atılmasınlar. Onların da ixtisaslaşdırılmasına dəstək oluruq. Onlara peşəkarlıq, sahibkarlığın qurulması üçün bilik və bacarıqlar ötürülür. İlk olaraq dərsləri təhlükəsizliklə bağlı biliklərlə başlayırıq ki, bizdə praktiki dərslərə üstünlük verilir. Buna görə təhlükəsizlik qaydaları ilə yaxından tanış olmalıdırlar”.

Pandemiya dövründə dəsrlər onayn keçildiyi zaman peşə təmayüllü siniflərdə tədris davam edib. Xeyransa Quliyeva qeyd edir ki, qənnadı sahəsi üzrə şagirdlər prosesi evdə həyata keçirərək, dərslərdə iştirak edirdilər: “Bütün şagirdlər eyni sinfin tərkibi olaraq ümumtəhsil fənləri keçir. Lakin peşələr üzrə seçim müstəqil olduğu üçün qruplara ayrılaraq, peşə təhsili dərslərində iştirak edirlər. Məsələn, bu il aqronom qrupumuzda qızlar da yer alıb. Ötən il qrup yalnız oğlanlardan ibarət idisə bu il artıq onları maarifləndirdik.

Şagirdlər aqronomluğu seçdikdən sonra çox razı qaldılar. Digər ixtisas IT mütəxəssisi idi, hər kəs onu seçmək istəyirdi, amma aqronomluğa gəldikdən sonra heç kim sənəti dəyişmək istəmədi”.

Peşə məktəbindən ayrılırıq. Al-əlvan olan Vətən bağı artıq xarıbülbüllə bəzənmişdi...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər