Həkim-pediatr Xəyalə Quliyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Doktor, pandemiya davam etməkdədir. Qənaətləriniz necədir? Ötən bir il ərzində COVID-19 uşaqlara necə təsir göstərdi?
- Daha əvvəl deyilirdi ki, virus uşaqlarda özünü az göstərir, zəif olur, uşaqlarda fəsadlar yaratmır. Amma təəssüflər olsun ki, son iki ayda uşaqlarda COVID-in ağır formalarına rast gəlirik. Ümumi qeyd edim ki, son bir il ərzində virus uşaqlarda rast gəlinmir deyə bilmərəm. Amma gözlədiyimiz qədər də ağır olmadı.
Hesab edirdik ki, xəstəlik allergik, xüsusilə bronxit astma uşaqlarda özünü biruzə verəcək. Amma əksi baş verdi, bir çox astmalı uşaqlar xəstəliyi yüngül formada keçirdilər.
- Yetkin insanlarla uşaqlarda virusun gedişatı zamanı hansı oxşarlıq və fərqlər müşahidə olunur?
- Xəstəlik uşaqlarda böyüklərdəki kimi ağır əlamətlərlə getmir. Mənə COVID-19-la bağlı bir il ərzində 3000-ə yaxın müraciət oldu. Amma bunların heç biri test verməmişdilər. Valideynlər yoluxduğu üçün uşaqlarda da əlamətlər var idi.
2-4 həftə sonra təsadüfi müalicə ilə antitelləri yoxladığımız zaman aşkar olundu ki, uşaqlar virusu keçiriblər, onlarda virusa qarşı antitellər formalaşıb. Təbii ki, körpə uşaqlar iybilmə, dadbilmə qabiliyyətlərini ola bilər ki, dilə gətirə bilməsinlər. Sadəcə olaraq, xəstəlik özünü göstərməyib və ya yüngül olduğuna görə valideyn onu hiss etməyib, antitel yoxlandığı zaman bu aşkar edilib.
- Ümumiyyətlə, uşaqlarda koronavirus özünü hansı simptomlarla göstərir?
- Çox təəssüf ki, bir il ərzində COVID-19 əlamətlərini müqayisə etsək, son aylarda xəstəlik uşaqlarda bir qədər ağır, uzun çəkməsi ilə özünü göstərir.
Uşaqlarda böyüklər kimi şikayətlərlə olmur. Uşaqlarda boğazda yüngül yanğı, burun tutulması, iybilmə və dadbilmə qabiliyyətlərinin itməsi kimi hallar ola bilir. Yüngül quru öskürək, 38-39 dərəcə hərarət 3-5 gün ərzində müşahidə olunur.
Şikayətlər arasında xəstəliyi yüngül keçirən uşaqları evdə müalicə etdik. Burada olan əsas əlamətlər bağırsaq forması ilə daha çox müşahidə olundu. Qusma, ishal, temperaturun olması və digər əlamətlər ratavirus əlaməti yaratsa da, valideynlərdə COVID-19 aşkarlandığı üçün uşaqların da bu xəstəliyə yoluxduğunu təyin edib, ona müvafiq müalicə aparırdıq.
- Virusun mutasiya keçirmiş növü aşkarlanıb. Bu, uşaqlar üçün təhlükəlidirmi?
- Uşaqlar üçün virusun mutasiya keçirmiş növü təhlükəlidir. Fəsadları ola bilir. COVID-19 keçirmiş uşaqlarda 6-8 həftə sonra temperatur birdən-birə 39-40-41 dərəcəyə qədər hərarət yüksəlir. Paralel olaraq səpgilər ola bilər ki, bu, COVID-in sindromu olaraq qeydə alınır.
- Maska taxmaq uşaqlar üçün zərərli ola bilərmi?
- Əlbəttə, zərərlidir. Uşaq normal nəfəs ala bilmir. Maska taxan uşaqlarda oksigen çatışmazlığı əlamətləri qeyd olunur. Bu isə bir qədər yaddaş problemləri yarada bilir. Maska həm uşaq, həm böyük üçün o qədər də yaxşı bir şey deyil. Biz məcburuq onu taxmağa.
Əgər evdə COVID xəstəsi varsa, yaxşı olar ki, xəstə maskadan istifadə etsin.
- Balacaları virusdan necə qorumaq lazımdır?
- Nəinki balacalar, böyüklər də virusdan qorunmalıdır. Bunun üçün ən gözəl yol maska taxmaq, məsafə saxlamaq, əllərin dezinfeksiya edilməsi, yuyulmasıdır. Bir il ərzində virusla tanış olsaq da, hələ ki bizim üçün yenidir. Qorunma mexanizmi olaraq bunlardan istifadə etməliyik. Araşdırmalara görə,vitamin D qəbulu da COVID-19-dan 27 faiz qoruyur.