15 Aprel 2021 16:09
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyata təhlükə yaradan vəziyyətlərdə genetik olaraq stresə cavab üçün kodlaşdırılmış simpatik sinir sistemimiz işə düşür. Bəsit dildə desək, bu sistem "ya savaş, ya da qaç" mexanizmini başladır.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin “Hacettepe” xəstəxanasında çalışan Turanə Rəsulova deyib.

Onun sözlərinə görə, stress və bədbəxtlik düşüncələri şəkərli diabet və xərçəngə yol aça bilər:

“Stressi aşkarlayan amiqdalamız neyrohumoral sistemimizin idarəçisi olan hipotalamusa xəbər göndərir, o da dərhal ACTH dediyimiz adrenokortikotrop hormonu sintezləyir. Onun təsirilə xəbər böyrəküstü vəzimizə gedir və stresə cavab olaraq kortizol sintezlənir. Kortizol qaraciyərimizi işə salıb qanımıza şəkəri doldurur ki, savaşmaq, ya da qaçmaq üçün enerjimiz olsun.

Amma biz müasir dünyada nə savaşırıq, nə də qaçırıq, mürəkkəb və gərəksiz problemlərimizlə bu mexanizmi işə salıb qan şəkərimizi yüksəldirik. Davamlı olaraq qan şəkərimiz yüksəldikcə mədəaltı vəzimiz şəkəri parçalamaq üçün insulin sintez edir və zamanla yorulan, tükənən mədəaltı vəzimizin hüceyrələri ölür, şəkərli diabet xəstəliyinə yaxalanırıq”.

O qeyd edib ki, xərçəngin yaranma səbəbi multifaktorialdır, amma stresin də bunda rolu var: “Stress və gərginlik, yuxarıda yazdığım "ya savaş, ya da qaç" mexanizmini işə salanda beynimizin və vücudumuzun immün sistemimiz "vecinə olmur". Əsas məsələ ölməməkdir, həyatı xilas etməkdir. Xroniki stress immun sistemini sürəkli basqıladığı üçün immunitetimiz baş verən "xətaları" düzəldə bilmir və bu xətalar artıb çoxaldıqca xərçəng hüceyrəsinə çevrilir.

Odur ki, beynimizin reallığını stress və gərginliyə deyil, xoşbəxtlik, məmnunluq duyğusuna və düşüncəsinə kökləməliyik. Pozitiv düşüncə və duyğular sağlamlığın təməlidir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər