Yoluxma sayı getdikcə azalacaq.
Bunu Teleqraf.com-a açıqlamasında tibb professoru Ədalət Rüstəm deyib.
O hesab edir ki, burada əsas faktor insanların intizamlı davranmasıdır: "Mövsüm səbəbi ilə hava da getdikcə istiləşir, bu, statistikaya təsir göstərəcək. Eyni zamanda, vaksinasiya prosesi davam etdirilir. Əgər ilin sonunadək əhali peyvəndlənərsə, say iki rəqəmliyədək enəcək".
Ədalət Rüstəm qeyd edib ki, açıq havada kütləvilik olan yerlərdə maska taxmaq mütləqdir: "Nazirlər Kabinetinin qərarına əsasən, açıq havada dayanacaqlarda, növbə olan yerlərdə maska taxmaq vacibdir. Qərarda insanların toplaşmadığı yerdə maskasız gəzməyin qadağan olunması ilə bağlı qeyd yoxdur. Parklarda, bulvarda, küçədə gedərkən ətrafınızda insan yoxdursa, maskasız gəzə bilərsiniz.
Əgər kiməsə yaxınlaşırsınıza, maska taxmalısınız. İnsanlar maska taxmaq vərdişini öyrənməlidirlər. Mən özüm ətrafımda kimsə yoxdursa, qapalı məkanda olsam da, maskanı endirirəm".