30 Aprel 2021 09:05
3 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, pandemiya ilə vidalaşmamış Hindistan ştammı aşkarlandı. Sizcə, Hindistan ştammı pandemiya ilə mübarizədə yeni situasiya yaradıbmı?

- Daha əvvəl COVID-in Britaniya və Cənubi Afrika ştammları yayılmışdı. Onlarda bir mutasiya baş vermişdi. Hindistan ştammında isə iki mutasiya var. Yəni, virus ikiqat mutasiyaya uğrayır. Əgər əvvəlki ştamların təkcə yoluxuculuq qabiliyyəti artırdısa, bu mutasiyada həm yoluxucluq qabiliyyəti artıb, həm də klassik COVID virusları əleyhinə yaranan anticismlərə qarşı da rezizstentlik müşahidə edilir. Bu, xəstəliyi keçirmiş şəxslərin gələcəkdə xəstələnməsinə səbəb ola bilər.

- Hindistan ştammının əlamətləri nədir?

- Əlamətləri barədə heç bir yeni məlumat yoxdur. Digər COVID viruslarında olduğu kimi, eyni xəstəlikdir, eyni müalicə üsulu tətbiq olunur.

- Xəstəliyi ağır keçirmə müşahidə olunurmu?

- Xeyr. Xəstəliyin şiddəti, ölüm dərəcəsi ilə bağlı heç bir dəyişiklik baş vermir. Ancaq iki xüsusiyyəti var ki, yoluxuculuq qabiliyyəti artır və anticismlərə qarşı davamlıdır. Başqa bir dəyişiklik xüsusiyyəti müəyyən edilməyib.

- Necə düşünürsünüz, qarşıdakı dövrdə yeni ştamlar yarana bilərmi? Proses qədər davam edəcək?

- Koronavirus yeni deyil və müxtəlif növləri var. Bu virusda mutasiyaya meyillilik var. Məhz bu səbəblə biz gələcəkdə yeni mutantlarla qarşılaşa bilərik.

- Virus dünyaya Çindən yayıldı. Amma hazırda bütün dünya virusla mübarizə aparsa da, Çində vəziyyət stabildir. Bunun səbəbi nədir?

- Virus Çindən başladığı üçün orada xəstələnmə halları və xəstəlik nəticəsində yaranan immunitet göstəricisi də yüksəkdir. Burada əhalinin böyük qismində immunitet əmələ gəlib. Çində əhalinin böyük əksəriyyəti peyvənd olunub. Hansı ölkədə çox insan peyvənd olunsa, orada pandemiya təhlükəsi sönür. Məsələn, İsraildə 75 faiz insan peyvənd olunub və maskadan istifadə zəruri deyil.

Düşünürəm ki, ölkəmizdə də yaxın iki ay ərzində peyvənd olunan şəxslərin sayı artacaq və bizdə də pandemiya təhlükəsi sovuşacaq.

- Vaksin olunan şəxslər qarşıdakı dövrdə maskasız gəzə bilərmi?

- Peyvənd olunan şəxslərin pandemiya dövründə maskasız gəzməsi tövsiyə olunmur. Hələ ki, pandemiya davam edir. Nəzərə alaq ki, peyvənd olunanların 5-10 faizində yoluxma halları davam edir. Ola bilər ki, o şəxs peyvənd olunub, amma xəstəliyi əlamətsiz keçirir. Həmin şəxs virus daşıyıcısı olduğu üçün, maskasız gəzməsi doğru deyil. Peyvənd olunanlar da pandemiya dövrü davam etdikcə maska taxmamlıdır.

- Virusun Britaniya, Cənubi Afrika, Hindistan kimi müxtəlif ştamları aşkarlanır. Maraqlıdır, peyvəndlər bu ştamlara qarşı effektlidirmi?

- Hindistan ştammı yeni aşkarlanan ştammdır. Bu barədə bizim dərin məlumatımız yoxdur. Amma hazırda ölkəmizdə tətbiq olunan Çinin istehsal etdiyi Sinovak vaksini Britaniya və Cənubi Afrika ştammına qarşı kifayət qədər effektlidir.

- Ölkəmizdə koronavirusla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- İki həftə əvvəl yoluxma sayı kəskin şəkildə artmışdı. Yoluxma sayları 2200-2700 arasında dəyişirdi. Epidemiyanın özünün bir qanunauyğunluğu var. Bunu əvvəllər də demişik. Yoluxma sayları əvvəlcə artma tempində davam edir. Pik həddinə çatır. Sonra pik vəziyyətində müəyyən müddət qalır və yoluxma sayları azalmağa başlayır. Hazırda pik həddən çıxmışıq. Hər gün yoluxma sayı azalır və bu davam edəcək. Təbii ki, gedişatın davamı karantin tədbirlərinə riayət etməyimiz və peyvənd olunan insanların sayından asılıdır. Nə qədər çox şəxs peyvənd olunacaqsa, azalma bir o qədər stabil və kəskin şəkildə gedəcək.

Yoluxma sayının azalmasına təsir edən faktorlardan biri də vaksinasiyadır. Daha əvvəlki dövrü xatırlasaq, yoluxma sayı 6000-ə qədər artırdı. Sonra sərt karantin rejimi tətbiq edilirdi və yoluxma sayı azalırdı.

1.5 milyon insan peyvənd olunub və bu az göstərici deyil. Bu o deməkdir ki, əhalinin 15-20 faizi vaksin sayəsində immunitet qazanıb. Nəzərə alsaq ki, 15-20 faiz insan virusa yoluxub, sağalıb. Əhalinin demək olar ki, yarısında immunitet yaranıb. Vaksinasiya davam edir, hər gün xeyli insan peyvənd olunur.

- Birinci doza peyvəndi vurduran bəzi şəxslər virusa yoluxublar. Bu şəxslərə vurulan vaksin onların xəstəliyi yüngül keçirməsinə təsir edə bilərmi? Ümumiyyətlə, ikinci doza vaksinin əhəmiyyəti nədir?

- Vaksinin göstəricilərində də qeyd olunur ki, müəyyən fasilə ilə iki doza olaraq vurulmalıdır. Birinci doza bədəndə immunitet yaratmağa başlayır. İkinci doza isə onu gücləndirir. İkinci dozadan sonra 2 həftə keçməlidir ki, vaksin tam qorumağa başlasın. Yalnız bu halda peyvənd olunduğumuzu deyə bilərik.

Birinci dozadan sonra xəstələnmə halları ola bilər. Hətta hər iki doza vurulsa belə, xəstəliyə yoluxma şansı var. Heç bir vaksin 100 faiz xəstəlikdən qorumur. Vaksin ağır xəstəlikdən və ölümdən insanları qoruyur. Vaksindən sonra 5 faiz yoluxma halları baş versə də onlarda ölüm halları az olacaq və yaxud olmayacaq.

- Maraqlıdır, birinci doza və ikinci doza vaksinin tərkibləri eynidir?

- Bəli. Tamamilə eynidir və eyni olmalıdır. Orada güclənmə effekti var. Çünki vaksinlərin tərkibi eyni olduğu təqdirdə, ikinci doza birinci dozanı gücləndirə bilir. Tərkibi eyni olmasa, gücləndirə bilməz.

- Vaksinlərin bir neçəsi artıq istifadəyə verilib. Sizin fikrinizcə, hansı vaksin daha effektlidir? Üstünlükləri nələrdir?

- İstənilən vaksinin əks göstərişləri və yan təsiri var. Necə ki, təbabətdə istənilən dərmanın əks göstərişləri və yan təsirləri olur. Məsələn, insanların bir qismi ağrıkəsici dərmandan istifadə edir. Həmin dərmanların da əks təsirləri var. Hər hansı dərman preparatı, vaksinin həm əks təsiri və yan təsirləri var. Ancaq bu vaksinlər arasında Sinovak öldürülmüş virus olduğuna görə, yan təsirləri çox azdır.

- Pandemiya davam etməkdədir. Virusla mübarizədə əhaliyə tövsiyəniz nədir?

- İl yarımdır ki, səbr edirik, bir az da səbrli olaq. Azərbaycanda epidemiyanı tam kontrola almaq üzrəyik. Bu o deməkdir ki, görülən tədbirlər, xüsusilə vaksinasiya nəticəsində pandemiya narahat etməyəcək vəziyyətə gələcək. Azərbaycan ilk vaksinasiyaya başlayan ölkələrdəndir. Bu da ölkə başçısının birbaşa diqqət mərkəzində saxladığı məsələ olduğu üçün belədir.

Ölkə prezidentinin və müvafiq qrumların bu sahədə çox böyük əməyi var. Bəzi ölkələr vaksinasiyaya yeni başlayır, yaxud vaksin ala bilmir. Amma ölkəmizdə tədbirlər davam edir. COVID-lə mübarizə asan deyil, bütün səhiyyə sistemi hazırda bu prosesə cəmləşib. Yaxın zamanda vaksin olunanların sayı o qədər artacaq ki, bizi epidemiyadan qoruyacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər