2 İyun 2021 11:23
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə əlaqədar ötən il martın 3-dən təhsil müəssisələrində əyani tədris dayandırılmışdı. Orta təhsil və məktəbəqədər təhsil bu müddətdə fasilələrlə bərpa edilsə də, ali məktəblərdə bir ildən artıqdır ki, dərslər distant qaydada keçirilir. Hazırda pandemiya dövrünün davam etməsinə baxmayaraq, epidemioloji vəziyyətlə əlaqədar bəzi yumşalma tədbirləri görülür. Ötən həftə Azərbaycan İqtisad Universiteti yeni mövsümdən dərslərin ənənəvi qaydada bərpa ediləcəyini açıqladı. Maraqlıdır, digər universitetlərdə vəziyyət necədir? Hazırlıqlar aparılırmı?

Teleqraf.com ali məktəblərin ənənəvi tədrisə hazırlığı ilə bağlı sorğu aparıb.

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təhsil müəssisəsi tədrislə bağlı rəsmi qərarın verilməsini gözləyir: “Məlum olduğu kimi, pandemiya ilə əlaqədar zəruri qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsaslanır. Təhsillə bağlı qərarlar isə aidiyyəti qurum kimi Təhsil Nazirliyi qəbul edir.

BANM tərəfindən praktiki məşğələlər, fiziki iştirakı tələb edən fənlər və ixtisaslar üzrə ciddi zərurət yaranarsa dərslərin ənənəvi formada davam etdirilməsi diqqətdə saxlanılır. Bununla belə, hazırda praktiki məşğələlər tələb olunan fənlər və laboratoriya dərsləri video formatda metodiki vəsaitlərin və virtual laboratoriyaların təşkil edilməsi yolu ilə aparılır. Aidiyyəti qurumlar tərəfindən növbəti tədris mövsümündə təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılarsa, Bakı Ali Neft Məktəbi olaraq əyani təhsilə, əyani dərslərin təşkilinə də hazırıq”.

Universitetdən bildirildi ki, pandemiya dövrü olmasından asılı olmayaraq, tədrisin şəffaf qiymətləndirilməsi üçün tələbələrə güzəştlər edilmir: “Ali məktəbimizdə onlayn imtahanlar LMS (Learning Management System - Öyrənmənin idarəolunması sistemi) üzərindən, eləcə də “Zoom”, “MS-Teams” kimi onlayn plaformalar üzərindən təşkil olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi baxımdan mövcud şərtləri nəzərə alaraq müvafiq addımlar atılır.

Fiziki və onlayn keçirilməsindən asılı olmayaraq, Bakı Ali Neft Məktəbində imtahanlarda tələbələrə güzəşt olunmur. Bilirsiniz ki, onlayn şəraitdə imtahan zamanı tələbəyə nəzarət mexanizmi fiziki imtahanlarda olduğundan xeyli fərqlənir. Bu baxımdan sualların əvvəlcədən təqdim olunması həm də plagiat hallara yol aça bilər. Məqsədimiz mövcud vəziyyətdə belə, ixtisaslı, peşəkar kadr hazırlama mexanizmləri tətbiq etməkdir”.

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qurum da rəsmi qərarı gözləyirlər: “Bu, universitetin qərar verəcəyi məsələ deyil. Bu günə qədər bununla bağlı hər hansı rəsmi təlimat yoxdur. Amma vaksinləşmə prosesi müsbət davam edərsə, universitetimizdə sentyabrdan tədrisin əyani olmaq ehtimalı var”.

Qeyd olundu ki, universitet rəhbərliyi karantin rejimi və internet problemi ilə əlaqədar olaraq, ötən semestrdə tələbələrə güzəştlər edib: “Məsələn, qısaldılmış fənn sillabuslarına keçirilmişdi. Texniki səbəblərdən dərslərdə iştirak edə bilməyən tələbələr minimum 34 balla təmin edilmişdilər ki, imtahanda iştirak edə bilsinlər. Bütün tələbələr imtahana buraxılmışdı. İkinci semestrdə yenə qısaldılmış sillabuslarla tədrisə davam edilib. Eyni zamanda imtahan sualları azaldılıb”.

Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) Tədris İşləri üzrə Prorektoru Qasım Məmmədov bildirdi ki, universitet əyani tədrisə tam hazırdır: “Ümid edir və inanırıq ki, yeni mövsümdən ənənəvi tədris bərpa ediləcək. Əslində, universitetimiz əyani tədris üçün darıxıb. Universitetin yaraşığı tələbələrdir. Hər şey tələbələrə təhsil xidməti göstərməyə hesablanıb. Gələcəkdə hibrid tədris üsulundan da istifadə etməyi planlayırıq.

Elə fənlər var ki, sırf nəzəri xarakter daşıyır. Tarix, fəlsəfə kimi dərsləri qrup birləşmələri edərək onlayn şəkildə tədris etməyi planlayırıq. Amma digər fənlər, xüsusilə laboratoriya işləri tələb edilən dərslər əyani şəkildə tədris ediləcək”.

Xəzər Universitetinin İdarəetmə və Tələbə İşləri üzrə Prorektoru İsaxan İsaxanlı isə qarşıdakı dövrdə ənənəvi tədrisin bərpası haqqında danışmağın erkən olduğunu düşünür: “Hər bir ali məktəb istəyir ki, dərslər əvvəlki qaydada bərpa edilsin. Qarşıdakı 3 ayda epidemioloji vəziyyətin gedişatından asılıdır. Əgər belə davam edərsə, düşünürük ki, sentyabrdan dərslərin ənənəvi tədris bərpa olunacaq. Hazırda ötən mövsümdə olduğu kimi imtahanların gedişatı davam edir. Hazırda qiymətləndirmə standart qaydada aparılır. Təbii ki, pandemiya şəraitinə görə, çalışırıq ki, tələbələrin xeyrinə qərarlar verək”.

Azərbaycan Texniki Universiteti də (AzTU) ənənvi tədrisin bərpa olunub-olunmayacağının Təhsil Nazirliyinin və Operativ Qərargahın qərarlarından asılı olduğunu hesab edir. Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, AzTU-da tədris ölkədəki mövcud vəziyyətə uyğun tənzimlənir:: "3 ay sonra pandemiyanın necə davam edəcəyi məlum deyil. Bu səbəbdən də ənənəvi tədrisin bərpası ilə bağlı indidən konkret fikir söyləmək tezdir.

2020-2021-ci il yaz semestrinin imtahan sessiyası isə onlayn formada və şifahi üsulla keçiriləcək. İmtahanın aparılması üçün hər biri 5 sualdan ibarət 30 bilet hazırlanıb. İmtahan zamanı tələbələrə sualları cavablandırmaları üçün ümumilikdə 10 dəqiqə vaxt ayrılacaq. Biletdəki hər bir sual əyani formada təhsil alanlar üçün 10, qiyabi formada təhsil alanlar üçün isə 20 balla qiymətləndiriləcək. Magistratura səviyyəsində təhsil alan tələbələrin imtahanları bu gündən başlayıb. Bakalavriat səviyyəsində təhsil alanların imtahanları isə iyunun 4-dən başlayacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər