Qonşu ölkələrdə "Delta" ştammının təsdiqləndiyini nəzərə alaraq, müəyyən karantin tədbirlərinə hazır olmalıyıq.
Bunu Teleqraf.com-a açıqlamasında professor Adil Qeybulla deyib.
Professorun sözlərinə görə, "Alfa" ştammı ilə müqayisədə "Delta" 1,85 dəfə daha yoluxucu hesab edilir:
"Delta" ştammı "Sars-Cov-2"nin çoxsaylı mutasiyalarından biridir. Burada P-681R mutasiyası baş verir. Bu zaman səthdə olan tikanlı zülalın, buna S zülalı da deyilir, bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır. Xəstəliyin gizli dövrü 3 günə qədərdir. Ona görə daha tez aşkar olunur. Əsas əlamətlərdən bir halsızlıq, yüksək temperatur, miqren tipində baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir".
Adil Qeybulla bildirib ki, dünyada dördüncü bir dalğanın qarşısının alınması üçün xeyli işlər görülür:
"Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi vaksinlər "Delta"ya qarşı öz həssaslığını saxlayır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinlərin hətta üçüncü dozasının vurulması ehtimalı da nəzərə alına bilər. Həmçinin, karantin qaydalarının sərtləşdirilməsi də vəziyyətdən asılı olacaq. Artıq Azərbaycanla qonşu olan ölkələrdə də bu ştamm tapılıb. Hesab edirəm ki, bunu nəzərə almalı və müəyyən karantin tədbirlərinə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu gün əhali arasında sanki karantinin bitdiyi düşüncəsi var. Restoranlarda, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu, yolverilməzdir. Pandemiyanın davam etdiyini unutmamalı və baş verə biləcək problemlərin qarşısını almalıyıq".