7 Oktyabr 2021 11:14
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar Sinovac, Pfizer, Astrazeneca və Sputnik-V vaksinləridir. Bundan başqa, yaşı 18-dən yuxarı olan hər kəs 2 doza vaksin vurdura bilərdisə, artıq üçüncü doza peyvəndlərin vurulmasına start verilib.

Həkim-infeksionist Nəzrin Mustafayeva Teleqraf.com-a açıqlamasında bildirib ki, COVID-19 infeksiyasına qarşı iki doza vaksin vurduranların bədənində vaxt keçdikdən sonra immunitet zəifləyir. Ona görə də, üçüncü doza vaksinin vurulması məqsədəuyğun sayılır:

"Bu, xüsusilə yaşı 65-dən yuxarı olan, bəzi sahələrdə çalışanlar üçün daha əhəmiyyətlidir. Yaşı 50-dən, bəzi ölkələrdə 65-dən yuxarı şəxslərə üçüncü doza vaksinin vurulmasına icazə verilir. Əlavə olaraq, yanaşı xəstəlikləri olan, xəstəliyə yoluxma riski yüksək şəxslərə üçüncü doza vaksinin vurulması vacibdir".

Nəzrin Mustafayeva qeyd edib ki, üçüncü doza vaksin qoruyuculuğu bir neçə qat artırmış olur: "Buster adlı bu dozanı qəbul edən şəxslərdə xəstəliyin ağırlaşma ehtimalının 19 faizədək azaldığı müşahidə olunur. Vaksinasiyanın əsas hədəfi yoluxma zəncirini qırmaqdır. Peyvənd olunmuş şəxs ya yoluxmur, ya da artıq yoluxdurucu olmur. İlkin peyvənddən sonra əksər adamlarda artıq 6 ay keçib. Ona görə də busterin vurulması önəm kəsb edir. Üçüncü doza vaksin ikinci doza vaksindən 5 ay keçdikdən sonra vurula bilər. Bu təcrübə isə bir neçə aydır artıq buster dozanın tətbiqinə başlanıldığı Amerika, İsrail, Böyük Britaniya və bir sıra Avropa ölkələrindən öyrənilib".


Müəllif: Aysel Azad