13 Oktyabr 2021 16:18
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərdə virusa yoluxma hallarında artım müşahidə olunsa da, bu, kütləvi hal deyil. Doqquzuncu sinif şagirdinin və məktəb direktorunun virus səbəbi ilə dünyasını dəyişməsi həqiqətən çox təəssüf doğurur. Lakin bu, hər iki şəxsin virusa məktəbdə yoluxması demək deyil. Əgər onlar məktəbdə yoluxub, şagird və müəllimlərlə ünsiyyətdə olublarsa, əlbəttə, bu, virusun yayılmasını daha da sürətləndirə bilərdi. Yəqin ki, məktəbdə ünsiyyətdə olduqları insanlarda yoluxma riski artıb. Məktəblərin açılması ilə bağlı qərar verərkən bu kimi halları istisna etmirdik.

Bunu Teleqraf.com-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

O bildirib ki, təhsil müəssisələrində yoluxma halları artarsa, yoluxma qeydə alınan sinif bağlanmalıdır: “Başa düşməliyik, ki, pandemiya davam edir və onun nə zaman sona yetəcəyi ilə bağlı proqnoz vermək mümkün deyil. Bu səbəbdən virusla bərabər yaşamağı öyrənməliyik. COVID-19 virusunun müalicəsi hələlik mümkün deyil. Əsas insanların immunitetinin artırılmasıdır. Süni immunitetin yaradılması üçün vaksinasiya prosesinə start verilib”.

Ekspert hesab edir ki, yoluxma hallarının məktəblərin bağlanmasına səbəb olacağını demək çox tezdir: “Bu kimi hallar təhsil müəssisələrinin ənənəvi formaya keçdiyi bütün ölkələrdə var. Heç kim deyə bilməz ki, məktəblər qapansa, sinif şagird və ya müəllimin yoluxub dünyasını dəyişməsi halları olmayacaq.

Hesab etmirəm ki, hazırkı dövrdə məktəblərin qapadılmasına getməliyik. Bizi bu qərarı verməyə sövq edən vacib məqamlardan biri də məktəb kollektivinin demək olar ki, 90 faizinin vaksinasiya olunmasıdır. Bütövlükdə vaksinasiya olunanların sayı kəskin artır. Bu da bizə imkan verəcək ki, məktəblər ənənəvi qaydada təhsilə davam etsin”.


Müəllif: Aysel Azad