16 Oktyabr 2021 19:42
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yük maşınlarına və avtobuslara taxoqraf quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək lazımdır".

Teleqraf.com-un məlumatına görə, bu sözləri yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

O, ilk növbədə Bakıda yük avtomobili ilə avtobusun toqquşmasından danışıb: “Bu qəza böyük bir faciədir. 5 nəfərin ölümü, onlarla insanın yaralanması ağır hadisədir. Hadisə yerindən videoya da baxdıq və məlum oldu ki, yük avtomobilinin sürücüsü avtobusun arxasınca hərəkət edir, xeyli ara məsafəsi var və avtobus dayanacağa daxil olmaq üçün sürəti azaltdıqda yük maşını ona arxadan çırpılır. Hadisəni törədən sürücü ilkin olaraq onu deyib ki, sükan arxasında yuxulayıb. Bəlkə də yuxulamayıb, yatmayıb, sadəcə olaraq yorğunluqdan, yuxusuzluqdan süstləşib və hadisəyə reaksiyası gecikib. Videodan da görürük ki, qəzadan yayınmaq üçün sola çəkir. Amma gec olur. Yəni fikri yolda olsaydı, vaxtında reaksiya versəydi bəlkə də hadisə baş verməzdi. Ona görə də, yük avtomobillərini və avtobusları idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməsinin vacibliyi gündəmə gəlir. Belə hadisələr minik avtomobilini idarə edən sürücülər tərəfindən də törədilir. Lakin yük maşınları və avtobuslar belə qəzalarda daha ağır nəticələr verdiyi üçün onlara nəzarət mexanizmi daha vacibdir. Bu nəzarəti həyata keçirmək yalnız nəqliyyat vasitələrinə taxoqraf quraşdırılması ilə mümkündür”.

Ekspert bildirib ki, nəqliyyat vasitələrində taxoqraf olarsa, yol polisi yük maşınlarına ciddi nəzarət edəcək:

"Bəzən deyirlər ki, yol polisi hara baxırdı? Taxoqraf yoxdursa yol polisi hardan bilsin ki, sürücü normal dincəlib, yoxsa dayanmadan maşın sürür? Taxoqraf hər şeyi qeydə alır, sürücünün iş və istirahət rejiminə nəzarət etmək üçün önəmli texniki vasitədir. O qurğu maşında olduqda yol polisi saxlayıb taxoqrafa baxır və görür ki, sürücü dayanmadan işləyib, 4 saatdan artıq maşın sürüb. O zaman polis sürücünü maşını idarə etməkdən çəkindirib məcburi istirahətə göndərir".

E.Muradlının sözlərinə görə, sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər:

"Qanun nə tələb edirsə o cür də davranmaq lazımdır. Yol polisi taxoqrafsız maşını saxlayıb sürücüyə nəsə irad bildirsə o saat gedib şikayət edəcək ki, yol polisi məni qanunsuz saxladı, mənim hüquqlarım pozuldu. İllərdir yol polisi bütün sürücülərə müraciət edir ki, yuxusuz, yorğun olduqda DYP postlarına yaxınlaşıb orada müvəqqəti dayansınlar, dincəlib sonra yola çıxsınlar. Lakin buna çox az adam riayət edir. Yuxusu gələn də dirənir ki, yox, heç nə olmaz, gedib çatacam, amma çata bilmir”.


Müəllif: Teleqraf.com