18 Dekabr 2021 22:58
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Arzu xanım, rəhbərlik etdiyiniz “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin post-müharibə dönəmində fəaliyyət istiqaməti nədən ibarətdir?

- Təşkilatımız yaranan gündən fəaliyyət istiqamətimizin əsas prioriteti Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub. İştirak etdiyimiz bütün platformalarda Xocalı soyqırımı barədə, Qarabağ həqiqətləri haqda məlumatları çatdırmağa çalışmışıq. İndi isə qatılacağımız bütün tədbirlərdə möhtəşəm qələbəmizdən, böyük zəfərimizdən danışacağıq, inşallah Qarabağımızı dirçəldəcəyik, ondan bəhs edəcəyik. Təbii ki, tariximizi, mənfur düşmənlərimizin bizə yaşatdıqlarını unutmamalıyıq. Şükür ki, qisasımız alındı, 30 illik həsrətə son qoyuldu və Qarabağ işğaldan azad olundu. Qarabağın azad olunması uğrunda şəhid olan bütün şəhidlərimizin ailələrini ziyarət etmək, onların adlarının əbədiləşdirilməsi istiqamətində işlər görməyi özümüzə vəfa borcu hesab edirik. Düşünürəm ki, zəfərimizin müjdəsi aprel döyüşlərindən başlayıb, amma I Qarabağ müharibəsi zamanı şəhid olan Vətən oğlullarımızın adının yaşadılması üçün kitablar yazılması, filmlər çəkilməsi və onların təqdimatlarına da ehtiyac var və bunları həyata keçiririk.

- Bu layihələr əsasən bölgələrə ünvanlanıb?

- Bacardığımız qədər bütün respublika üzrə təqdimatlar etməyə çalışırıq. İstəyirik böyüyən nəsil öz qəhrəmanlarını tanısın, onun kumiri cəsur igidlərimiz olsun. Bu istiqamətdə yola çıxmışıq, şəhidlərimizin anım tədbirlərinin keçirilməsi boynumuzun borcudur və həmişə də davam edəcəyik. Bu tədbirlər o ailələrə az da olsa bir təskinlikdir, biz onların ağrı-acısını azalda bilmərik, övladlarını, həyat yoldaşlarını, atalarını itiriblər, yaşananlar o ailələrə çətindir. Təşkilatımız şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. 44 günlük Vətən müharibəsi dönəmində şəhidlər haqqında kitablar nəşr etdirdik, bölgələrdəki məktəblərə, kitabxanalara, eləcə də ali məktəblərə payladıq. Yəni əldən-ələ keçsin, uşaqlar öz qəhrəmanlarını tanısın, onlar haqqında oxusunlar. Təəssüf ki, hələ də COVID-19-la mübarizə aparırıq, dünya hələ bu bəladan qurtulmayıb, pandemiya dövründə çalışırdıq ki, ahıl, tənha insanlarla görüşək, onlara dəstək olaq. COVID-19-la mübarizədə tibbi maarifləndirmənin rolu böyük idi, ara məsafələrinin gözlənilməsi, gigiyenaya diqqət yetirilməsi, maska taxılmasının vacibliyi istiqamətində çarxlar çəkdik. İnşallah dünya bu bəladan qurtular və belə layihələrə ehtiyac qalmaz.

- Zaman-zaman belə fikirlər səslənir ki, bu cür layihələrin, xüsusilə filmlərin xarici auditoriyaya çıxmasına daha çox ehtiyac var...

- Əslində bu istiqamətdə layihələrimiz olub, türkiyə türkcəsində, özbək, qırğız dilində “Qarabağ həqiqətləri”, “Qarabağ hekayələri” kitablarını nəşr etmişik, kitablarla bağlı o ölkələrdə təbliğat aparmışıq. Ölkəmizdə şəhidlərlə bağlı çəkdiyimiz filmlərin təqdimatlarını etmişik, lakin xarici ölkələrdə film çəkilişi ilə bağlı təcrübəmiz yoxdur, inşallah belə ideya olarsa, gələcəkdə ən yaxşı şəkildə icra etməyə çalışarıq.

- Regionlarda insanlar əsasən hansı hüquqi problemlərlə üzləşirlər?

- Bölgələrimizdə hüquqi sahədə daha çox qadınlarımızın maariflənməsinə ehtiyac var. Təəssüf ki, boşanmalar və alimentlə bağlı problemlər bu gün də davam edir. Regionlarda yaşayan qadınlarımız əfsuslar olsun ki, alimentə qədər olan prosesdən xəbərsizdirlər.

- Rəsmi nikah bağlanmır və nəticədə boşanma zamanı problemlər üzə çıxır?

- Bəli, rəsmi nikah bağlanmır, bu da gələcəkdə, xüsusilə övladı olan xanımlarımızın həyatında problemlərə səbəb olur. Dəstək olmağa çalışırıq, eləcə də psixoloji yardım göstəririk. Əsasən boşluq bu istiqamətdədir.

- Boşanmalarla bağlı hüquqi yardım göstərirsiniz, yoxsa fəaliyyət istiqaməti əsasən maariflənmə istiqamətindədir?

- Bir nümunəni xatırlayıram, ailə boşanma həddində idi, gənclərlə söhbətləşdik, əslində ciddi problem də yox idi, onların böyükləri ilə də görüşdük, çox təəssüf ki, gənclərimiz də bəzi dəyərləri arxa plana atıb, deyirlər ağsaqqallar, ağcirçəklər həyatımıza qarışmasın. Niyə? Doğru yol göstərirsə, məsləhət verirsə, niyə də olmasın?! İnanın, böyüklərin söhbətindən sonra o ailə boşanmaqdan imtina etdi, indi hər şey qaydasındadır.

- Barışığa təşəbbüs heç də həmişə müsbət sonluqla yekunlaşmır, hüquq-mühafizə orqanlarına şikayətdən sonra barışıq təklifləri cinayətlə yekunlaşan nümunələri də az deyil...

- Bir iş cinayətə qədər gəlib çıxırsa, 99 faiz əminəm ki, orada psixoloji problemlər var, onu da valideyn bilməlidir. Əfsuslar olsun ki, analar ruhi, psixoloji problemləri olan övladlarını evləndirməyə çalışırlar. İş əsrimizin bəlası olan narkomaniya, qumar kimi ciddi səbəblərə görə boşanmalara gəlib çıxırsa, yaxınlar, doğmalar şəxsi doğru yola dəvət edə bilmirsə, orada barışığa yer qalmır.

- Ailə psixoloqlarına müraciət üçün cəmiyyətin yanaşması dəyişibmi?

- Bəli dəyişib, artıq psixoloqlara başqa yanaşma var. Gənclərimiz sevə-sevə gedib problemlərini həll etməyə çalışırlar. Çoxluq təşkil etmirlər, amma belə gənclərimiz var, öhdəsindən gələ bilmədiyimiz məsələlərlə bağlı mütləq peşəkarlara müraciət etməliyik.

- Regionlarda bu cür peşəkarlar var?

- Çox azdır.

- Boşluqları sadalayırsınız, həlli ilə bağlı hansı addımlar atılmalıdır?

- Yeni evlənən qonşusunda boşanmaq ərəfəsində olan, amma ailəsini xilas etmək üçün həmin şəxsin böyüklərinin məsləhətinə qulaq asıb, yaxud psixoloqa getdiyini görürsə,bu prosesin davamı gələcək. Bu işlər birtərəfli olmur, ictimai qınaq, ailələrin, valideynlərin dəstəyi, hüquqi və psixoloji yardımların rolu mütləqdir.

- Fiziki zorakılığa məruz qalan azyaşlılarla bağlı xəbərlər hər kəsi məyus edir, regionlarda durumu necə qiymətləndirirsiniz?

- Hansı bölgəmizdə olmağından asılı olmayaraq belə hadisələri eşidəndə çox təəssüflənirik, tüklərimiz biz-biz olur. XXI əsrdə yaşasaq da, zorakılıq, təcavüz, insanlığa sığmayan hərəkətlər davam edir. Böyüyən nəslin asudə vaxtının səmərəli keçirilməsi istiqamətində valideynlərlə layihələrimiz keçirilir. Belə ki, övladlarına münasibətdə daha anlayışlı olsunlar, buradan yola çıxaraq ikinci bir layihəmizi icra etdik, yeniyetmələrin zərərli vərdişlərdən uzaq durması istiqamətində maarifləndirmə işləri apardıq. “Ailədaxili şiddətə yox deyək”, “Qadınlara qarşı şiddətə yox deyək” adlı çarxlar çəkib təqdimatını həyata keçirmişik. Yeniyetmə və gənclərə “çoxlu kitab oxuyun, dil öyrənin, texnologiyaları mənimsəyin, dünyaya açılın” kimi tövsiyələr veririk, lakin buna valideyn də təkan verməlidir. İstedadını kəşf edəndə valideyn anlayır ki, övladı yaxşı rəssam, şahmatçı, idmançı ola bilər. Yaradıcılıq, idmanla məşğul olanların lazımsız işlərə, pis vərdişlərə vaxtı qalmır. Valideyn övladlarını mütləq həvəsləndirməlidir. Hər dəfə uşağa kitab verib oxutmaq da düzgün deyil, hər uşaq sosial şəbəkələrin aktiv olduğunu bir dönəmdə ona həvəsli olmur. Ona görə valideynlərə deyirik ki, övladınızı kəşf edin, görün nəyə həvəslidir, rəsm, rəqs kurslarına yazdırın. İstedadlı uşaq daha tez uyğunlaşır, sanki özünü həmin sahədə tapır, dərsi ilə paralel əlavə məşğələləri olanda boş işlərə zamanı qalmır. Məsələn, şahmatla məşğul olan uşaq yarışlara qatılmağa başlayır, qalib gəldikcə hədəfləri böyüyür. Uşaqları doğru istiqamətə yönəltməyə çalışırıq, paytaxt, böyük şəhərlər əlçatandır, daha çox bölgələrə üz tuturuq. Rayon mərkəzlərində məşğələ və kurslar var, yorulmasınlar, övladlarının istedadları hansı istiqamətdədirsə zəhmətlə cilalasınlar.

- Hansı bölgələrimizdə layihələr həyata keçirirsiniz?

- Haradan müraciət olunursa, gedirik, paytaxtda da, bölgələrimizdə də layihələr həyata keçirmişik. Əvvəlki dövrlə müqayisədə müsbətə doğru irəliləyiş var. 30 il öncə müharibə dönəmi idi, iqtisadiyyatımız, dövlətimiz zəif idi. İndi analar daha savadlı, dünyagörüşlüdürlər. Övladına hansısa subyektiv və obyektiv səbəbdən təhsil verə bilməyən ana artıq ona peşə, sənət öyrədir. Bu, çox sevindirici haldır, ustalara yönəldirlər ki, bir sənət sahibi olsunlar.

- Cəmiyyətimizdə belə fikir də hakimdir ki, övladı mütləq diplomlu, ali təhsilli olmalıdır...

- Bəli, belə düşüncə bir vaxtlar hakim idi. İndi bu cür yanaşmalar da dəyişib, bölgələrdən bir çox misal çəkə bilərəm, xanım deyir ki, qızım saç ustasıdır, hətta başqa kəndlərdən onun yanına gəlirlər, eləcə də dərzi, tibb bacısı kimi peşəyə yiyələnən qızlarımızın sayı çoxalıb. Bəzən neqativ hadisələr sosial şəbəkələrdə o qədər tirajlanır ki, sanki miqyası gözümüzə böyük görünur. Təbii ki, bir fakt belə bizim üçün fəlakətdir, kaş baş verməzdi. Olanda da o qədər yayılır ki, insanın fikrindən çıxmır.

- Bəzən mediaya yönəlik ittihamlar səslənir ki, belə xəbərlərin yayılması hadisələrin sayını artırır. Sizin bu məsələdə möveyiniz necədir?

- Bu mövzu ilə bağlı mən də çox düşünürəm, ictimai qınaqlar da rastıma çıxır, özüm də bəzən təzadlı fikirdə qalıram. Adı hallanmasa, üzü görünməsə daha yaxşı olar. Daha çox tirajlanmaqdan, neqativə yüklənməkdənsə, hadisə baş verən yerdə ictimai qınağı daha düzgün hesab edirəm.

- Əvvəllər analarla qızları arasında sərhəd daha çox idi, hazırda valideyn-övlad münasibətlərində nələri müşahidə edirsiniz?

- Azyaşlı uşaqların başına gələn fəlakətlərdə ilk növbədə anaları günahlandırıram. Övladı dünyaya gətirməklə məsuliyyət bitmir, həyata sərbəst addımlayana qədər ona nəzarət etməlidir. Nəzarət sözümə dar düşüncə kimi yanaşılmasın, körpədir, ana diqqətdə saxlamalıdır. Ata bütün gün işdədir, onu günahlandırmaq da olmur. 11 yaşında uşağın başına pis bir hadisə gəlirsə kimi günahlandıraq? Məcburən ananı günahlandırmaq lazımdır. İşləyən xanımlarımız var, əlbəttə, övladlarını bağçaya qoymalıdır. Öz uşağını ən yaxşı ana tanıyır. Evdə iki övlad böyüdülürsə, hər ikisinə eyni tərbiyə verilir, amma xarakterləri fərqlənir. Uşaq var onu bir az həvəsləndirirsən, qol-qanad açır, elə uşaq da var ki, rəqabətə meylli deyil, öz aləmi var. Psixoloji durumunda problem olan uşaqlara ana tamamilə başqa cür yanaşmalıdır. Məktəbə qədər ana övladının sağlamlıq durumunu bilməlidir.

- Bu problemlərdə məktəb hansı yerdə dayanmalıdır? Sual yaranır, niyə dərsə gəlməyən şagirdlə tədris müəssisəsi maraqlanmır?..

- Məktəb önəmli yerdədir. Övladımızı məktəbə 6-7 yaşında göndəririk, 17 yaşında ailə məktəblə bərabər cəmiyyətə faydalı vətəndaş yetişdirir, bərabər iş getməlidir. Burada müəllimlərin rolu böyükdür, təhsil və tərbiyə məsələsində soyuqqanlı davranmaq, 11 illik tədris prosesinə etinasız yanaşmaq olmaz. Burada valideyn də, məktəbdəki pedaqoqlar da diqqətli olmalıdır.

- Qeyri-ixtisaslı şəxslərin psixoloq kimi çalışması hallarına da rast gəlinir. Məktəblərdə, xüsusilə regiondakı orta tədris müəssisələrində psixoloqların fəaliyyəti sizi qane edirmi?

- Regionlarda bir neçə məktəbdə araşdırma aparmışam, psixoloqlar zəifdir. Paytaxt və məktəblərdə vəziyyət nisbətən daha yaxşıdır, amma bölgələrdə təəssüf ki, ürəkaçan deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər