Paytaxtın Xətai rayonu, 165 nömrəli məktəbində baş verən hadisə müəllim-şagird münasibətlərinə bir daha nəzər yetirilməsinin vacib olduğunu gündəmə gətirdi. Sosial şəbəkələrdə bir qisim şəxs müəllimin haqqının tapdalandığını bildirir, bəziləri olaya məhz müəllimin səbəbkar olduğunu qeyd edir.
Teleqraf.com mövzunu araşdırıb.
“Günahkar təhsil sistemidir”
Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, baş verənlərin əsas səbəbkarı təhsil sistemidir:
“Təhsil sistemi elə qurulmalıdır ki, bu kimi bənzər hadisələr baş verməsin. Hər hansı tədris müəssisəsində ilk əvvəl ciddi təhsil mühiti olmalıdır. Bizdə isə bu məsələyə diqqət ayrılmır. Müasir tədris binasının tikintisi, ən yaxşı vəsaitlərin tədrisə cəlb olunmasından danışılır, amma tədris mühiti anlayışı unudulub.
Qori Müəllimlər Seminariyası cəmi 7 illik məktəb idi, amma baxın, oranın məzunları arasında nə qədər dahilər var? Bunun səbəblərindən biri seminariyada tədris mühitinin olması idi. Bu mühit yarananda birbaşa başqa məqamlara da təsir edir. Müəllimlər, şagirdlər, valideynlər öz öhdəliklərini dərk edirlər”.
“Onlarınkı diplom yox, təhsil haqqında ödənişin qəbzidir”
Müəllimlərin hədəfə alındığını deyən sosioloq həm də onları tənqid edib:
“Yaranan vəziyyət çox acınacaqlıdır. Sanki müəllimlərə qarşı basqı vəziyyəti yaranıb. Mən müəllimləri müdafiə etmirəm, hətta tənqid də edirəm. Çünki indiki müəllimlərin əksəriyyəti son 30 il ərzində universiteti bitirənlərdir və çox təəssüf ki, bu illər ərzində təhsil müəssisələrində rüşvət baş alıb gedir. Diplomları da həqiqi diplom yox, təhsil haqqında ödənişin qəbzidir. Ona görə də onların çoxunun müəllimlik peşəsi, müəllim davranışı barədə təsəvvürləri yoxdur.
Bununla yanaşı, müəllimlərə qarşı belə kampaniya aparılması yolverilməzdir. Çünki müəllimlərin onsuz da nüfuzu arzuolunan səviyyədə deyil. Müəllimləri nadinc uşaqların əlinə vermək böyük bir səhvdir və təhsil sisteminin ciddi qəbahətlərindən biridir”.
“Valideynin də maarifləndirilməsi lazımdır”
Əhməd Qəşəmoğlunun sözlərinə görə, həmin şagirdlərin valideynləri ilk olaraq uşaqlarının niyə bu hərəkətləri etməsi ilə bağlı cavab verməlidirlər:
“Məktəb-valideyn münasibətlərində arzuolunan əlaqələr yoxdur. Dəfələrlə bu barədə nazirə açıq məktub yazmışam, bizdə valideynin özünü maarifləndirməyə ehtiyac var. Çünki o valideyn də son 30-40 ildə yetişib. Onların özü də uşaqlarını tərbiyə etməyə hazır deyillər. Bu gün elə bir vəziyyət yaratmaq lazımdır ki, məktəb eyni zamanda valideynin də maariflənməsinə kömək etsin. Bununla bağlı nazirliyə layihələr də təqdim etmişəm, mətbuatda da yayımlamışam, amma vecinə alan yoxdur.
İndiki cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. Bu isə yeni yanaşmalar tələb edir. Amma yanaşmalarımız 30-40 il bundan əvvəlkilərdir. Buna görə də belə hadisələrin yaşanması qaçılmazdır. Təhsil sistemi indiki şəraitə uyğun fəaliyyət göstərmir. Xarici ölkələrdə belə hallar olduqda, şagirdə əlavə dərs saatları yazılır. Lakin bizim ölkədə bu tətbiq edilməzdən əvvəl valideynləri hazırlamaq lazımdır. Çünki valideyn də başlayacaq müqavimət göstərməyə ki, uşaq evə gəlsin, müəllim rüşvət tələb edəcək.
Cəmiyyətimizdə mövcud təhsillə bağlı tamamilə başqa işlər görülməlidir. Bunun üçün də fəaliyyət proqramı olmalıdır. Təhsildə hər şey başlı-başına buraxılıb. Təhsil problemləri yeni binanın tikilməsi, yeni kitabların çapı ilə həll olunmur, əsas nəticədir”.
“O qadına müəllim deyə bilmirəm”
Pedaqoq Leyla Nəzirzadə hadisənin baş verməsində birbaşa müəllimi günahkar hesab edir: “Məktəbdə baş verən hadisədə müəllimin çox böyük günahı var. Sinif qətiyyən idarə olunmur. Mən o qadına müəllim deyə bilmirəm. Kolleqalarım məndən inciməsin. Aydındır ki, o xanımın pedaqogikadan xəbəri yoxdur. Əks halda sinfində belə biyabırçı vəziyyət yaranmazdı.
Orta məktəblər "tərbiyə ocağı" funksiyasından azad edilməlidir. Elə bir zaman yetişib ki, müəllimin şagirdə söz deməyə ixtiyarı yoxdur. Nələrin baş verdiyinin, müəllimin şagirdə tənbehinə valideynin necə reaksiya verdiyini görürük. Şagirdlərin tərbiyəsizliyi onsuz da göz önündədir.
Amma şagirdin tərbiyəsiz olması o demək deyil ki, müəllim sinifi başlı-başına qoysun. Orada şagirdlər məktəbin maddi-texniki bazasına da xələl gətiriblər, partaların üstünü yazıblar. Oğru dünyasının simvolları var, tanınmış simaların portretləri şagirdlərin əlindədir. Müəllimin reaksiya verməməsi pedaqogikaya ziddir. Tənbeh o demək deyil ki, yalnız şiddət göstərməlisən. Şagirdi cəzalandırmağın müxtəlif üsulları var. Bunu hər bir müəllim bilməlidir. Çünki onlara pedaqogika dərsi mütəmadi tədris olunur, təlimlərə cəlb olunurlar.
Şagirdlərin əməli tərbiyəsizlikdir. Amma müəllimin də reaksiyasız qalmasl pedaqoq kimi səriştəsiz olduğundan xəbər verir”.
“Töhmət işin asan tərəfidir”
Pedaqoqun sözlərinə görə, məktəb rəhbərliyi də bu məsələdə məsuliyyət daşıyır: “Müəllimə belə halda töhmət verilməlidir. Amma məktəb bundan əlavə hansı işi gördü? Həmin şagirdlər hansısa psixoloqla görüşdürüldümü? Sovet dövründə çətin islah olunan şagirdlər üçün xüsusi məktəblər var idi. Həmin sinifdəki vəziyyət göstərir ki, şagirdlər çətin islah olunandır. Bu tip bir və ya iki tərbiyəsiz şagirdin olması bütün sinifin keyfiyyətini pozmağa yetərlidir.
Məktəb bu mərhələyə qədər hansı tədbiri görmüşdü? Müəllimə töhmət vermək işin asan tərəfidir. Şagirdlər necə cəzalandırıldı? Həmin şagirdlər yeniyetmədirlər və müəyyən məsuliyyətə cəlb olunmalıdırlar. Əgər islah olunmayacaqlarsa, məktəbdən xaric edilməlidirlər. Məktəb funksiyasından azad edilib, təhsil ocağına çevrilməlidir. Əgər o şagirdlər islah olunmursa, müəllimin indiki vəziyyətdə şagirdə söz deməyə haqqı çatmırsa, deməli, başqa üsullara əl atılmalıdır”.
Bu görüntülər sadəcə pərdəönü qeydə alınan kadrlardır. Təəssüf ki, bunun kimi paylaşılmayan, ictimaiyyətə məlum olmayan xeyli bənzər hallar müşahidə olunmaqdadır. Əgər 10 il əvvələ qədər müəllimin bir baxışı ilə şagird özünə gəlirdisə, bu gün həmin şagirdlərin övladlarının baxışından müəllimlər hürkür.
Problem(lər)in həlli üçün addım atılırmı? Bax, o müəmmalı qalmaqda davam edir və hazırkı vəziyyət göstərir ki, uzun müddət də davam edəcək. Ümid edirik ki, Təhsil Nazirliyi sadəcə töhmət verməklə məsələnin üzərindən xətt çəkməyəcək...