Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonu ərazisində yerləşən 26 saylı tam orta məktəbdə müəllimlər arasında kütləvi yoluxma baş verib.
Teleqraf.com mövzunu işıqlandırandan sonra Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi məsələyə reaksiya verib.
Məktəbin fəaliyyəti yanvarın 28-dən distant təhsil formasında davam etdirilir.
Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 26 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
***
13:53
COVID-19 virusuna yoluxma sayı ölkə üzrə artmaqda davam edir. Əsas yoluxma mənbələrindən biri də təhsil müəssisələridir.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 26 saylı tam orta məktəbdə 21 müəllim arasında virusa yoluxma qeydə alınıb.
Paralel olaraq şagirdlər arasında da ağırlaşma halları müşahidə olunur.
Müəllimlər yoluxmaları ilə bağlı məktəb rəhbərliyinə məlumat versələr də, təhsil müəssiəsində tədris prosesi davam etməkdədir.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirildi ki, məktəbdə araşdırılma aparılacaq.