İki gündür ölkə gündəmini zəbt edən qətl hadisəsinin insanların güvənc yeri olan sığınacaqda baş verməsi ölkədə ajiotaja səbəb olub. Baş vermiş qətl hadisəsi hər kəsi narahat edir. Yenə də qadına qarşı zorakılıq, yenə də valideyn qayğısından məhrum olan uşaqlar. Bunun baş verməsi bir daha bəzi məsələləri aktuallaşdırır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Hicran Hüseynova deyib.
O qeyd edib ki, hazırda ölkə ərazisində az sayda olsa da, bəzi qeyri-hökumət təşkilatları sığınacaq kimi fəaliyyət göstərir:
“Lakin bu sığıncaqların böyük qismi təyinatı üzrə standartlara və müəyyən edilmiş qayda və normalara cavab vermir. İlk növbədə sığınacağın yeri bilinməməlidir. Sığınacaqlara yerləşdirilənlər haqqında məlumat konfidensial olmalıdır. Bu barədə ancaq aidiyyatı orqanlar məlumatlı olmalıdırlar. Sığınacaqda və hüquq-mühafizə orqanlarında, icra hakimiyyəti yanında fəaliyyət göstərən monitorinq qruplarında zorakılığa məruz qalan və zorakılığı törədənlə bağlı keys açılmalıdır”.
Millət vəkili hesab edir ki, yalnız zorakılığa məruz qalanın deyil, bu hala şahidlik edənin və bunu törədənin sağlamlıq, psixoloji vəziyyəti qiymətləndirilməlidir:
“Müəyyən edilməlidir ki, bu insan barışmağa, birgə yaşayışa hazırdırmı? Aparılmış profilaktik işin səviyyəsi nə yerdədir? Bəzən ailənin digər üzvləri barışdırıcı missiyanı yerinə yetirir. Lakin bir çox hallarda onların bu niyyəti uğurlu nəticələnmir. Ona görə də belə problemin həllində peşəkar sosial işçilərin, psixoloqların, hüquqşünasların xidmətinə böyük ehtiyac var. Burada qabaqlayıcı-preventiv tədbirlərin aparılması, münaqişəli ailə kimi qeydiyyata alınan ailələrlə mütəmadi görüşlər keçirilməli, maarifləndirmə aparılmalıdır. yni zamanda ictimai qınaq olmalıdır. Belə hallar cəmiyyətə mənəvi zərər vurur. Ona görə də hər kəs belə halları pisləməli, ailə və mədəni-mənəvi dəyərlərimizi qorumaq üçün fəal olmalıyıq”.