15 Aprel 2022 11:58
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatın Ermənistan hissəsində 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncə və ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatlar yer alıb. Belə bir faktın ABŞ Dövlət Departamentinin saytında yer alması nəyi ifadə edir?

Teleqraf.cum-un məlumatına əsasən, hüquqşünas Çingiz Qənizadə bildirib ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında Azərbaycanla bağlı belə faktların işıqlandırılması maraqlıdır.

“Birincisi ona görə ki, ABŞ Dövlət Departamenti uzun illərdir ki, insan hüquqlarına dair hesabatlar yayır və həmişə də əsası olmayan, şaiyələr əsasında formalaşmış müəyyən fikirləri, ittihamları orada qeyd edir, Azərbaycanla bağlı mənfi rəyin formalaşmasına nail olmağa çalışırlar. Amma ikinci Qarabağ savaşı bir çox dövlətləri, o cümlədən ABŞ-ı da reallıqla barışmağa məcbur edir”.

Ç.Qənizadənin fikrincə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərində təşəbbüsü öz əlinə alması və sülhə xidmət edən addımlar atması təbii ki, ABŞ-la da razılaşdırılır.

“Nə qədər Avropa İttifaqından söz getsə də, Amerikanın Avropaya təsirini danmaq qeyri-mümkündür. Bu baxımdan əsirlərə və mülki şəxslərə qarşı törədilmiş işgəncələr, qətl hadisələri, kütləvi məzarlıqların tapılması, eyni zamanda bu bölgələrdə azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması ilə bağlı faktlarının ABŞ Ddvlət Departamentinin saytında olması artıq onu deyir ki, bu cür dövlətlər və indiyə qədər ATƏT-in Minsk Qrupu həmsədrləri, digər Ermənistana dəstək verən qüvvələr artıq Ermənistanın yalanlarına inanmır və həqiqəti dərk etməyə və bunu öz saytlarında, bəyanatlarında qeyd etməyə razılaşıblar”.

Ç.Qənizadə hesab edir ki, bunu bizim diplomatiyanın uğuru kimi qiymətləndirmək olar.

“Ermənistanda hökumətin parlament qarşısında hesabatı zamanı Paşinyan belə bir ifadə işlətdi ki, “artıq "arsax"la bağlı bizə deyirlər ki, biz sizə kömək edə biməyəcəyik. Ona görə yox ki, biz sizə kömək etmək istəmirik, ona görə ki, biz artıq sizə kömək edə bilmirik”. Bu ifadənin Paşinyanın dilindən səslənməsi və indi də ABŞ Dövlət Departamentinin saytında erməniləri ittiham edən faktların sadalanması onu göstərir ki, artıq qərb Ermənistanın yalanlarına inanmır, bölgədəki reallıqları dərk edir, bölgədə sülhə xidmət edən Azərbaycanın mövqeyini dəstəkləyir”.


Müəllif: Teleqraf.com