29 Aprel 14:04
3 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda televiziya verlişlərində köməyə ehtiyacı olan xəstə uşaqlara yardım kampaniyalarının keçirilməsi kütləvi hal alıb. Müzakirələr bu tendensiyanın birmənalı qarşılanmadığını göstərir. Bu cür verilişlərdə yaşından asılı olmayaraq xəstəyə efirdə davranış forması, yanaşma tərzi, münasibət, yığılan pullara nəzarət, şəffaflıq və sair kimi məsələləri aktual müzakirə predmetinə çevirib.

Teleqraf.com xəbər verir ki, son günlər televiziyada leykoz xəstəliyindən əziyyət çəkən 12 yaşlı Əmirli Nuray Zəka qızının əməliyyatı üçün yardım kampaniyası elan olunub. Nuraya ilik nəqli üçün 70 min dollar (120 min manat) məbləğ lazım olsa da, son veriliş zamanı onun əməliyyatı üçün 500 min AZN toplanıldığı açıqlanıb.

Başqa bir xeyriyyə marafonu SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir üçün keçirilir. Körpənin sağalması üçün 2 milyon 200 min dollara ehtiyac var. Müalicəsi Amerikada olan bu nadir xəstəlikdən əziyyət çəkən körpə üçün yardım kampaniyası təxminən 14 gündür başladılıb. Bu müddət ərzində 2 milyon manatın yığıldığı bildirilir.

Maraqlıdır, mövcud qanunvericilik efirlərdə xəstələr üçün pul yığılmasına imkan verirmi?

Vəkil Elvin Əliyev Teleqraf.com-a bildirib ki, qrantların toplanması, ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi qaydaları “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunla tənzimlənir: “İanə QHT-lər qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan, amma qanunda nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti formasında verilmiş yardımdır. İanələrin toplanması üçün QHT-lər vergilər və digər dövlət qurumlarında qeydiyyatdan keçməlidir. Bu təşkilatların nağd şəkildə 200 manatdan yuxarı məbləğdə ianə toplamaq ixtiyarı yoxdur. Maddi yardımlar etmiş şəxslər həmin QHT-dən ödənişə görə köməklik göstərməsini tələb edə bilməz və imtiyaz güdməməlidir.

Ancaq hazırda qarşılaşdığımız hal sosial şəbəkələrdə, eləcə də televiziyalarda yardımların toplanmasıdır. Bu, ianə deyil. Əvvəla, hər hansı telekanalın kiməsə yardım toplamaq vəzifəsi yoxdur. Yardımın toplanması üçün kanala müraciət edən şəxsə bank hesabı açılmalıdır. Bu ianələrin toplanması üçün kanalın özünə şəxsi bank hesabı açması qanunsuzdur. Yəni əgər yardım olunacaqsa, pul müraciət etmiş şəxsin bank hesabına köçürülməlidir. Amma əksər hallarda sosial şəbəkələrdə, kanallarda yardımın ianə şəklində toplanması halı ilə rastlaşırıq. Bu, tam qanunsuzdur. Yardım ancaq müraciət edən şəxsin öz bank hesabına toplana bilər və ondan kənar şəxslər istifadə edə bilməz”.

Qanunvericilikdə yardımın toplanılması nəzərdə tutulmayıb. Belə olan halda yardımlar yığışdırılmalıdır, yoxsa qanunvericiliyə dəyişiklik olmalıdır?

Vəkil hesab edir ki, qanunvericiliyə dəyişiklik olunmalıdır: “Azərbaycan xalqı yardımlaşmaya mental dəyər kimi yanaşır. Buna görə də xəstənin əməliyyatına lazım olan 120 min manatdan qat-qat artıq məbləğ toplanıb. Lakin kanallarda bu yardımların hansı qaydada aparılması qaydası qanunvericilikdə nəzərdə tutulmayıb. Dövlətin də rəsmi şəkildə aztəminatlı ailələrə göstərdiyi sosial yardım formaları var.

Artıq külli miqdarda yardımların yığılması adət-ənənə halını alır. Lakin burada bir məsələyə diqqət yetirmək lazımdır. Əgər şəxsin müalicəsinə lazım olan 120 min manat vəsait toplanıbsa, dərhal həmin bank hesabına pulköçürmə dayandırılmalıdır. Çünki bu, əsassız varlanma yarada bilər və mahiyyəti yardım olmaqdan çıxır. Qanunda bu məsələlər öz həllini tapmalıdır.

Dünya təcrübəsində də fövqəladə hal baş verəndə yardımların toplanılmasına başlanılır. Bu aksiyaya da canlı yayımda start verib, elə canlı yayımda da son verirlər. Lazım olan məbləğ toplanmasa, proses növbəti verilişdə davam etdirilir. Bu qayda müraciət edən şəxsin əsassız varlanmasının qarşısını alır”.

Şəxsin bank hesabına toplanan pulları kimlər idarə edə bilər?

Elvin Əliyev deyir ki, yardım üçün müraciət etmiş şəxs bank hesabına köçürülən pulların mülkiyyətçisi hesab olunur: “Yığılan pula nəzarət etmək, onun haqqında qərar vermək bank hesabı açılmış şəxsə məxsusdur. Heç kəs gedib həmin şəxsə deyə bilməz ki, lazım olan məbləğ 120 min manat idi, amma toplanan vəsait 500 mindir, 380 min manatını qaytar. Təklif kimi vermək olar ki, qalan pullar yardıma ehtiyacı olan digər şəxslərin sağalmlığına yönəldilə bilər. Amma bunu şəxsin qarşısına bir vəzifə kimi qoymaq qanunsuzdur. Məcəllədə nəzərdə tutulub ki, əmlak bağışlanarkən heç bir şərt göstərilmirsə, bağışlanan şəxsin mülkiyyətinə keçir.

Nə qədər ki, bu məsələ qanunla tənzimlənmir, sosial şəbəkələrdə, televiziyalarda bu cür yardımların yığılmasını düzgün hesab etmirəm. İlk növbədə əsassız varlanmaya yol açır. İnsanlar nə qədər məbləğin yığılmasından məlumatsız olduğu üçün hesaba pulköçürməni davam etdirirlər. Bu, bəzən də sui-istifadəyə gətirib çıxarır. Həmin vəsait təyinatlı yardım üçün toplanır, əgər ianə şəklində olsaydı, qanunla tənzimlənərdi.

İanələrin yığılması qaydası “QHT-lər haqqında” qanunda tənzimlənir. Tutaq ki, QHT 70 min manat yardıma ehtiyacı olan şəxsin elanını yayır. Bu zaman lazım olan ianə toplandıqdan dərhal sonra hesaba pulköçürmə dayandırılır”.

Məsələyə media eksperti, professor Qulu Məhərrəmlinin də münasibətini öyrəndik.

Professor deyir ki, məlum yardım aksiyalarına bu cür yanaşma bütün televiziya kanallarının yaddaşında var: “Zamanında biz də marafonlar keçirmişik. Əslində, televiziyalarda təşkilatçılıq funksiyası deyilən bir anlayış var. Həmçinin mərhəmət, xeyriyyəçilik, hər hansı bir kampaniyanı aparmaq, cəmiyyət üçün faydalı tədbirlərə dəstək vermək praktikası da var. Məsələn, yaxın zamanlarda “YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə “YAŞAT” Xeyriyyə Marafonuna start verildi. Hesab edirəm ki, bu xeyriyyə marafonu kifayət qədər uğurlu alındı. Bu cür tədbirləri keçirməyə ehtiyac var.

Yüksək dərəcədə şəffaflıq olmayanda bəzən insanlarda yanlış təsəvürlər yarana bilir. Cəmiyyətdə məsələyə birmənalı münasibətin olmaması da buradan qaynaqlanır. Ümumiyyətlə, xəstə uşaqlara, müharibə veteranlarına, qazilərə yardım kampaniyalarının olması normaldır, cəmiyyətin mərhəmət hissini oyadır, insanlara xeyirxahlıq aşılayır. Amma bunun özünü bir kampaniyaya çevirmək yalnışdır.

Hər halda bu işlə məşğul olan qurumlar var, amma fövqəladə hallarda bu cür kampaniyaları, adətən, sosial şəbəkələrdə də aparırlar. Bəzən uğurlu, bəzən də nəticəsiz qalanları da olur.

Məncə, televiziya həftənin bir günü 1 saat belə bir kampaniya apararsa, buna normal baxmaq olar. Amma bunu bir tərzə çevirmək düzgün deyil. Məsələn, istəyərəm yardım edim, amma imkanım yoxdur. Bu zaman özümdə bir xəcalət hissi yaranır ki, niyə yardım edə bilmirəm?! Ölkəmizdə pula ehtiyacı olanlar çoxalıb. Çünki insanların dolanışığı ilə bağlı problemləri artıb. Ona görə də bu məsələyə bir qədər həssas yanaşsaq, xeyriyyə tədbirinin üzərinə heç bir kölgə sala bilmərik”.

Bəzən bu kimi yardım marafonlarında kanalların, verilişin, hətta aparıcının popluyarlığı ön plana keçir. Sanki kanallar arasında bir yarışma var. Dünya praktikasında bu tip məsələlər televiziyalarda müzakirə edilirmi?

Qulu Məhərrəmli qeyd edib ki, adətən xarici ölkə televiziyalarında konkret fərdlərlə bağlı xeyriyyə tədbirləri keçirilmir: “Ümumi şəkildə hansısa xəstəlikdən əziyyət çəkən şəxslər üçün yardım kampaniyası keçirilə bilər. Yaxud narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş kampaniyalar təşkil olunur. Bəzən televiziyalar maliyyə böhranı ilə üzləşəndə maddi durumlarını yaxşılaşdırmaq üçün auditoriyaya müraciət edib yardım toplayır. Amma tanınmış insanlar istisna olmaqla, müxtəlif fəlakətlərlə üzləşmiş insanlarla bağlı bu cür nümunələrə rast gəlmək olur. 2019-cu ildə Fransa paytaxtı Parisdə yanğından sonra bir hissəsi məhv olmuş orta əsr kilsəsi “Notr-Dam”ın bərpasına milyonlarla avro həcmində yardım toplanmışdı. Cəmiyyət bu aksiyada çox fəal iştirak etmişdi.

ABŞ-da, Almaniyada, Böyük Britaniyada səfərdə olanda belə xeyriyyə tədbirlərinin şahidi olmuşam. Hansısa sərginin keçirilməsi, heyvanları qorumaq, əlil uşaqlarla bağlı təşkil olunan kampaniyalarda cəmiyyət fəal iştirak edir. Yəni hər şey cəmiyyətin yanaşmasından, insanların mərhəmət hissinin nə dərəcədə yüksək olmasından asılıdır.

Hesab edirəm ki, aparıcıların populyar olmasının məsələyə ziyanı yoxdur. Əksinə, bəzən popluyar adamlar insanlara daha yaxşı təsir edə bilir. Hər şey bir əxlaq çərçivəsində, həddi aşmamaq şərti ilə aparılmalıdır. O zaman bu doğru bir xeyriyyə marafonu olar və onun nəticəsi seqmentə çox ciddi şəkildə təsir edər”.

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, KİV-lərdən istifadə edərək məqsədyönlü şəkildə pulun cəlb edilməsində qeyri-qanuni heç nə yoxdur: “Buna “Fund-raising” prosesi deyirlər. “Fund” – maliyyə, pul, “raising” isə cəlb etmək deməkdir. Bu cür marafonlarda insanlar məcbur edilmir, pul könüllü şəkildə cəlb edilir. Könüllü şəkildə yardımlaşma cəmiyyətimizin xarakterinə uyğundur. Köməksiz insanlara yardım etməyi sevən, paylaşmaqdan çəkinməyən bir Azərbaycan cəmiyyəti var.

Təbii ki, pulu toplayanlar vəsaiti necə xərcləyəcəklərinə dair topluma hesabat verməyə borclu olmasalar da, ancaq burada bir reputasiya riski də var. Yəni şəxsə və ya quruma verilən ictimai qiymət cəmiyyətdə mövcud olan rəy və təsəvvürlərlə formalaşır. Əgər həmin vəsait təyinatına uyğun xərclənməsə və yaxud şəffaflıq olmasa, insanlar aldadılmış olar. Pul cəlbində reputasiyanın əhəmiyyəti önəm daşıyır. İnsanların duyğusal hisslərindən istifadə edib pul cəlb etmək sırf könüllü olduğu üçün heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Bu, cəmiyyətimizin xarakterinə və quruluşuna da uyğundur. Bu aksiyanın formasının, harada keçirilməsinin əhəmiyyəti yoxdur. Amma xeyriyyə marafonunu təşkil edən insanlar mənəvi məsuliyyət daşıyırlar. Burada konstruktiv öhdəlik yaranır ki, cəlb etdikləri pul sözü keçən öhdəliyin yerinə yetirilməsi məqsədilə xərclənəcək. Hesab edirəm ki, hesabatlılıq olmalıdır, nəticəsi barədə cəmiyyətə açıqlama verilməlidir”.


Müəllif: Yeganə Oqtayqızı