6 İyul 2022 23:12
2 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gimnaziyanın keçmiş direktoru, hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müavini Xəyalə Əhmədzadə gimnaziyada sinif otaqlarında məşğələ keçən müəllimlərdən icarə haqqı toplayıb. Həmçinin bu təhsil ocağının müəllimlərindən birinin evindəki sexdə məktəbli forması tikdirib hər il 60 manatdan şagirdlərə satdırıb".

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Etibar Əliyevə ünvanladığı müraciətdə Xarici Dillər Gimnaziyasının keçmiş müəllimi Zinyət Quliyeva bildirib.

E.Əliyev müəllimin müraciəti barədə sosial şəbəkə hesabında geniş məlumat verib:

"Bu gün qəbuluma gələnlər içərisində seçildiyim dairədə yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasının keçmiş müəllimi Zinyət Quliyeva da var idi. Zinyət xanım Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsininin Ərəb dili şöbəsini bitirib və uzun illər həmin Gimnaziyada müəllim işləyiyib. Xanım müəllimə Gimnaziyanın keçmiş direktoru, hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müavini Xəyala Əhmədazadənin qanunsuz hərəkətləri barədə mənə ərizəsini təqdim etdi. Demək X. Əhmədzadə tanınmış Gimnaziyaya direktor təyin olunan kimi sinif otaqlarında məşğələ keçən müəllimlərdən icarə haqqı toplamağa başlayıb və sonra gimnaziyanın müəllimlərindən birinin evindəki sexdə məktəb forması tikdirib hər il 60 manatdan şagirdlərə satdırıb. Həmin sexdə müəllimlər üçün də paltarlar tikdirərək məcburi şəkildə onlara satdırıb. Zinyət xanım övladı və özü üçün məcburi satılan geyimin sintetik və yöndəmsiz olmasını və hər il 120 manata gücü çatmadığını onlara bildirib. Bundan sonra direktor və onun yaxın adamı olan müavini Tural Mahmudovla (bu adamı özü ilə Bakı şəhəri üzrə təhsil idarəsinə vəzifəyə aparıb və xarici səfərlərə də birgə gedirlər) birləşərək müəlliməni təhqir ediblər. Onu Əmək qanunları məcəlləsinin 70 "ç" bəndi ilə işdən azad ediblər".

E.Əliyev əlavə edib ki, ölkə təhsilini viran qoyan adamlar yaxşı təhsil mühiti olan bir gimnaziyanı da bazara çevirdilər: "Bunu bacarana böyük vəzifə verdilər. İndi diqqət edək: himayəsində iki azyaşlı uşaq olan bir xanım bunlara haqq vermədiyinə görə cəzalandırılıb. Və indi bu xanımın müəllimənin döymədiyi qapı qalmayıb. Nazirliyin başbiləni bu şikayətlərə baxmır, çünki böyük vəzifə verdiyi xanım onun şəbəkəsinin üzvüdür. Bir Gimnaziyaya savadsız və təsadüfi birisinin direktor təyi olunması onunla hesablaşmayanlara divan tutulması ilə nəticələndi və həmin prosedur indi bütün Bakı məktəblərinə və baxçalarına tətbiq edilir. Hələlik onun qatı açılmayan əməllərindən birini qeyd etdim".


Müəllif: Teleqraf.com