21 Oktyabr 2022 10:42
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Təhsil Nazirliyi məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirləri müəyyənləşdirib. Şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək inzibati tədbirlərə müəllim baxışı, qeyri-vebal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanılması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq və qırmızı xəbərdarlıq kimi qaydalar daxildir. Bəs, davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlərdə yer alan “rəngli xəbərdarlıq”ların mənası nədir? Dünya təcrübəsində bu cür xəbərdarlıq növləri mövcuddurmu?

Teleqraf.com bu məsələni araşdırıb.

Təhsil ekperti Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi qaydalar səmərəli deyil:

“Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Bu şagirdlərin 500 minə qədəri paytaxtın payına düşür. Etiraf edək ki, son illər orta ümumtəhsil məktəblərində şagirdlərin birbaşa iştirakı ilə baş verən nizam-intizam qaydalarının pozulması, tədris prosesinin gedişinə açıq müdaxilələr, şagirdlərin tədris prosesinə cəlb edilməsi, baş verə bilən neqativ halların aradan qaldırılması istiqamətində iş aparmaq zəruri idi, amma Elm və Təhsil Nazirliyinin təklif etdiyi layihə tədris prosesinin gedişinə müsbət təsir göstərməyəcək. Əksinə, mövcud problemləri daha da artıracaq.

Layihəni təhlil edəndə görürük ki, orada Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və mövcud qanunvericilik aktları ilə kifayət qədər ziddiyyətli təkliflər var. 2009-cu ildə təhsil haqqında qəbul edilmiş qanunda və 2011-ci ildə qəbul edilmiş orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnamələrinə görə məktəbdaxili nizam-intizam qaydaları məktəb tərəfindən müəyyənləşdirilə bilər.

Təbii ki, şagirdin təhsil alma hüququ, vicdan azadlığı və digər hüquq və azadlıqları heç bir halda məhdudlaşdırıla bilməz. Orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alsaq başa düşərik ki, onların birbaşa cəzalandırılması mövcud qanunvericiliyə əks olmaqla insan hüquqlarına da ziddir, eləcə də Azərbaycanın UNESCO və BMT tərəfindən qoşulduğu konvensiyalarla da uzlaşmır.

Orta ümumtəhsil məktəblərdə pedaqoji, texniki və rəhbər heyətlər var. Şagirdlərin cəzalandırılması və yaxud da cəzanın müəyyən edilməsi üçün mexanizm olmalıdır. Bunu kim həyata keçirəcək? Problem budur.

İkincisi, layihənin digər təkliflərindən biri məktəbdə şuraların yaradılmasıdır. Bu intizam şuraları isə kifayət qədər hüquq pozuntularına gətirib çıxaracaq. İnzibati şuranın üzvü altı-yeddi nəfər şagirdin valideyni olacaq. Onlar da kimlərəsə və direktora yaxın olan şəxslər olacaq ki, bu da məktəbdə şagirdlərin əsassız cəzalandırılmasına gətirib çıxara bilər.

Bütün intizam tənbehlərinin hər biri xəbərdarlıq xarakterlidir. Sadəcə kimsə bu layihəni ingilis və rus dilli layihələrdən götürüb, amma yaxşı tərcümə edə bilməyib. Bu onu göstərir ki, bu layihəni hazırlayan şəxsin məktəbdaxili nizam-intizam qaydalarından, pedaqoji şuradan xəbəri yoxdur.

Sarı, qırmızı, narıncı kartların şagirdlərə verilməsi əlavə işdir və məktəbdə ciddi rejimi aradan qaldıracaq. Ola bilsin, cəza məktəbə və müəllimə qarşı aqressiyasını artıracaq.

İnzibati qaydada cəzlandırma tədrisin keyfiyyətinə heç bir halda müsbət təsir göstərə bilməz. Sarı, qırmızı və narıncı kartın nəzərdə tutulması onu göstərir ki, məktəbdə ciddiyyəti kənara qoyub, hamı bir-birinə kart göstərməklə məğul olacaq. Bu çox qeyri-ciddi bir məsələdir. Eyni zamanda valideynlərin də bu proseslərə qoşulması məktəbdaxili münasibəti daha da gərginləşdirəcək. Məktəblərdə psixoloqlar fəaliyyət göstərirlər. Onlara işləmək üçün şərait yaratmaq lazımdır”.

Təhsil eksperti İlqar Orucov isə deyib ki, Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq ediləcək inzibati tədbirlər nazirliyin yanında İctimai Şurada müzakirəyə çıxarılmayıb: "Nazirlik tərəfindən aidiyyəti və məsul şəxslərə bildirilib ki, rəngləri ehtiva edən inzibati tədbirlər ictimai müzakirəyə hazırdır. Amma qayda hazırlanıb. Düşünürəm ki, qayda hazırlanmadan öncə geniş ictimai müzakirəsini təşkil etmək daha doğru olardı. Həm müvafiq təhsil ekspertlərinin, həm də təhsildə kifayət qədər əməyi olan insanların fikirlərini öyrənmək xeyirli olardı.

Ölkəmizdə təhsillə bağlı kifayət qədər vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Təəssüf ki, onların fikirləri öyrənilməyib. Eyni zamanda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuralar da bu müzakirələrdə iştirak etmir.

Əlbəttə, bunu qüsurlu hal kimi qiymətləndirirəm və narazılığın olmaması üçün öncədən ictimai müzakirəsini təşkil etmək lazım idi. Baxmayaraq ki, artıq qərar qəbul edilib, amma rənglər haqqında insanlar məlumatlı deyillər.

Bu məsələyə təsadüf şəkildə toxunmadım, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq bizə sənəd təqdim olunmayıb. Fərqli ölkələrdə şagird davranışını tənzimləyən normalar var. Amma konkret olaraq cəmiyyətdə təlqin olunmuş bu normalar hansı ölkənin təcrübəsindən yararlandığı haqda təəssüf ki, məlumat yoxdur”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər