Bakı şəhərində tıxacın əsas səbəbinin ali təhsil müəssisələri ilə əlaqələndirilməsi yanlış yanaşmadır. Hazırda ölkədə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və ölkə üzrə 187 min tələbə təhsil alır. 51 təhsil müəssisəsinin yalnız 30-u paytaxt Bakıdadır. Bu isə çox da yuxarı rəqəm deyil. Bunlar arasında xüsusi və ümumi təyinatlı təhsil müəssisələri var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov parlamentdə universitetlərin Bakıdan Sumqayıta köçürülməsi təklifinə münasibət bildirərkən deyib.
"Gəlin baxaq, hansı küçə və prospektlərdə tıxaclar daha çox olur? Məsələn, Ziya Bünyadov prospektində günün səhər və axşam saatlarında tıxac var. Bəs orada ali təhsil müəssisəsi yerləşirmi? Xeyr. Babək prospektində tıxac var, lakin orada da ali təhsil müəssisəsi yoxdur. Ali təhsil müəssisələrinin yerləşdiyi prospektlərə, məsələn, “Elmlər Akademiyası” metrosunun ətrafı, Hüseyn Cavid prospekti və Mətbuat prospektinə diqqət edək, burada Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, eləcə də bir sıra kolleclər yerləşir. Burada da tıxac olmur. Deməli, Bakıdakı tıxacın səbəbi kimi ali təhsil müəssisələrinin göstərilməsi doğru deyil", - o bildirib.
Kamran Əsədovun fikrincə, ali məktəblərdən daha çox orta məktəblər tıxaca səbəb olur: "Paytaxtda orta ümumtəhsil məktəblərinin sayı 320-dir və bu mərkəzlərdə 470.000 şagird təhsil alır. Bunu da bilirik ki, Bakıda birinci sinifə 48 min şagird gedir. Bu şagirdlərin hər birini valideynləri aparır və onların təxminən 60 faizi avtomobildən istifadə edir. Yəni bu gün prospektlərdəki tıxacların səbəbinə diqqət edəndə orta məktəblərin rolunu daha aydın görə bilərik.
Azərbaycanda tələbələrin hamısı avtomobildən istifadə etmir. Digər tərəfdən, ali təhsil müəssisələrinin Sumqayıta köçürülməsi tıxac problemini həll etməyəcək. Bundan əlavə bəs orada dərs keçən kontingent necə olacaq? Professor və müəllim heyəti üçün deputatlar nə təklif edir?"
Ekspert qeyd edib ki, əsas problem ali təhsil müəssisələrinə müsabiqələrlə bağlıdır: "Onların yataqxanaları, təchizatı olmalıdır. Bunlar isə ciddi problemlərdir. Bu problemi həll etmək üçün Bakı şəhərindəki universitetlərin plan yerlərini azaldıb, əvəzində bölgə universitetlərinin plan yerlərini artırmaqla məsələni həll edə bilərik. Məsələn, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi, riyaziyyat müəllimliyi ixtisasları Gəncə, Lənkəran və Sumqayıtdakı ali məktəblərdə də var. Əsas tələbənin harada təhsil alması yox, savadlı şəkildə yetişməsidir. Düşünürəm ki, yalnız bu yolla məsələni həll edə bilərik".