Bu ilin I rübündə Azərbaycanda enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün onlayn müraciət edən qeyri-əhali abonentlərinin sayı ötən ilin eyni dövrünə nisbətən 5 dəfə çox olub.
Bu barədə Teleqraf.com-a "Azərişıq" ASC-dən bildirilib.
Məlumata görə, martda “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidməti üzrə elektron müraciətlərin xüsusi çəkisi 53,6 %-ə çatıb.
Elektron müraciət sistemi 2019-cu ildən tətbiq olunur. Onun əsas məqsədlərindən biri də vahid platforma üzərindən müraciətlərin idarə olunması, operativliyin və səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsidir. Bu sistem İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumlarla inteqrasiya olunduğu üçün sahibkarların elektrikə qoşulma ilə bağlı sənədlər toplusunu təqdim etməsinə ehtiyac qalmayıb.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təskilatı (OECD) elektron müraciət sistemini innovativ layihə kimi qiymətləndirib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində elektrik şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 7-dən 2-yə, müddəti isə 41 gündən 20 günə endirilib.