17 May 2023 16:36
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi brifinqdə tədris ilinin sentyabrın 1-də başlayıb iyunun 14-də başa çatmasını təklif edib. Nazirin fikrincə, tədris müddəti nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar.

Emin Əmrullayevin tədris müddətinin artırılması təklifi müzakirələrə səbəb olub.

Təhsil eksperti Elçin Əfəndi Teleqraf.com-a açıqlamasında bildirib ki, dərslərin sentyabrın 1-i başlayıb iyunun 14-də bitməsi ilə bağlı təklif həm də adaptasiya məsələsinə əsaslanır.

“Əvvəlki dövrdə dərslər sentyabrın 1-i başlanırdı, mayın 25-i bitirdi, sonrakı illərdə mayın 31-i tədris ili yekunlaşırdı, sonuncu qərara əsasən isə tədris ilinin başa çatması iyunun 14-nə salındı. İndiki vəziyyətdə Emin Əmrullayev tədrisin sentyabrın 1-i başlamasını təklif edir. Burada şagirdlərin prosesə adaptasiyası əsas götürülür. Çünki dərslər sentyabrın 15-i başlayanda şagirdlərin davamiyyət göstəriciləri o qədər ideal olmur.

Bəziləri hələ istirahətdən qayıtmırlar, bəziləri qayıtsa belə dərsə gedib-gəlməyə bir qədər tərəddüdlə yanaşırlar. Bu prosesi iki həftə qabağa çəkəndə artıq onlar dərs prosesinə rahat uyğunlaşırlar.

Bu qərar verilsə, ümumilikdə təhsil göstəricilərinə keyfiyyət qatacağını demək doğru olmaz. Çünki bu göstəricilər tədris ilinin uzunluğu və ya qısalığından asılı deyil. Burada daha çox təhsilverənlərin keyfiyyətli tədris həyata keçirməsindən, şagirdlərin dərs vəsaitlərini qavramasından, tədris proqramları və sair amillərdən asılıdır”.

Ekspert qeyd edib ki, tədris sentyabrın 1-i başlasa, qəbul prosesi istiqamətində də iş aprılmalıdır: “Qəbul məsələsi də avqustun axırınadək yekunlaşmalıdır, hazırki vəziyyətdə müvafiq qəbul prosesində hətta tələbələrin yerləşdirilməsi sentyabrın 20-dək gedib çıxır.

Elçin Əfəndinin fikrincə, dünyanın əksər ölkələrində 3-4 həftəlik tətil dövrü var, qalan aylar ancaq tədris dönəmidir: “Məsələn Yaponiyada mart-aprel ayında şagirdlər tətildə olurlar, aprelin sonundan sonra yeni tədris ili başlayır. Təhsilin keyfiyyət göstəricisi baxımından Yaponiya ilə Azərbaycanın ümumi inkişaf səviyyəsini bir götürməyimiz düzgün deyil. Bunları tətbiq etməklə təhsilin keyfiyyətinin yüksək olacağını deyə bilmərik.

Təbii ki, mövcud tətbiqdən ən azı 5-10 il keçməlidir ki, onun mümkün nəticələrini görə bilək. Düşünürəm ki, dərslərin sentyabrın 1-i başlanması şagirdlərin dərsə davamiyyət, eyni zamanda ümumi təhsil prosesinə daha tez adaptasiyana gətirib çıxarar”.

Elçin Əfəndinin sözlərinə görə, cəmiyyət olaraq belə psixoloji fikir formalaşıb ki, tətil müddəti 3 ay olmalıdır: “Keçmiş SSRİ dövründən insanlar həmişə düşünürdülər ki, iyun, iyul və avqust aylarında şagirdlər mütləq qaydada tətildə olmalıdırlar. Son illər isti havanı daha gec müşahidə edirik. Mən dərslərin sentyabrın 1-i başlayıb, iyunun sonunda bitməsinin tərəfdarıyam. İki aylıq tətil dövrü kifayətdir. MDB məkanı və keçmiş SSRİ-nin tərkibində olmuş dövlətlər istisna olmaqla dünyanın heç bir ölkəsində bu qədər uzun tətil dövrü yoxdur”.

Milli Məclisin deputatı Fazil Mustafa vurğulayıb ki, nəhayət illərdir səsləndirdiyi fikirlər gerçəkləşməyə başlayır: “Bu, indi səslənən istək və ya təklif deyil. Bu, dəfələrlə rəsmi məqamlara göndərdiyimiz tələbdir. Həmişə gecikirik. Təhsil nazirimizi birmənalı dəstəkləyirəm. İctimai dəstək verməliyik ki, söz olaraq ortada qalmasın”.

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, ən optimal tədris ili 1 sentyabr 30 maydır. Onun fikrincə, 1-15 sentyabr dərs müddəti ilə 1-14 iyun dərs müddətini eyniləşdirmək, hava temperaturu eynidir demək boş və absurd fikirdir: “Birincisi ona görə ki, 1-15 sentyabrda hava temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir, temperatur daha yaxşı olur ki, bu da dərsə getmək üçün daha əlverişlidir. Amma 1-14 iyunda hava daha da istiləşir, temperatur hər gün yuxarıya doğru qalxır və tədris üçün əlverişsiz olur.

Bundan başqa, 1-15 sentyabr müddətində şagirdlər dərsə başlayır, enerjili və həvəsli olurlar. 1-14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gəlib yorulurlar".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər