7 İyun 2023 17:08
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 36 ünvanında yerləşən “Taxta kafe”nin sudan qeyri-qanuni istifadə etdiyi aşkar edilib.

Teleqraf.com xəbər verir ki, obyekt sahibi iddia edir ki, kafedə olan su sayğacı oğurlanıb. Amma nədənsə oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarından müvafiq sənədi alıb təqdim etmir. Sahibkar yeni su sayğacının quraşdırılmasından boyun qaçırmaqla yanaşı əvvəlki dövrlərdən yaranmış borclarını da ödəmir. Üstəlik obyektə sayğacdankənar xətt çəkərək sudan qeyri-qanuni istifadəni davam etdirir. Sudan qanunsuz istifadə səbəbindən bir həftə əvvəl obyektin su təchizatı dayandırılsa da sahibkar yenidən su şəbəkəsinə qanunsuz qoşularaq suyu talamağa davam edib. Qanunsuz çəkilmiş xətt növbəti dəfə ləğv edildi və dəymiş ziyan aktı tərtib olundu.

Süleyman Rüstəm 80 ünvanında yerləşən avtoyuma məntəqəsinin isə su sayğacı olsa da uzun müddət ödəniş etmədiyindən borcu yığılıb. Buna görə də obyektin su təchizatı dayandırılıb. Obyekt sahibi ehtiyat su çənini sayğacdankənar çəkilmiş su xətti ilə doldurub istifadə edib.

Həyata keçirilən nəzarət tədbirləri zamanı Mirzəağa Əliyev 168 küçəsində yerləşən avtomobillərin icarəsi obyektində də sudan müqaviləsiz istifadə olunduğu aşkar edilib. Obyekt sahibi su təchizatından qanuni istifadə ilə bağlı müqavilə bağlamaqdan imtina edir. Dəfərlərlə xəbərdarlıq edilsə də obyekt sahibi buna məhəl qoymayıb.
Cavadxan küçəsində fəaliyyət göstərən “Zirvə” kafesində də sudan qanunsuz istifadəyə rast gəlinib. Obyektin sahibi texniki şərt almadan, müqavilə bağlamadan qanunsuz çəkilmiş xətt vasitəsilə suyu talayıb.

Aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında 7316, Nəsimi rayonunda isə 31 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.


Müəllif: Teleqraf.com