Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mirhəsən Seyidov 2 saylı Mayak kəndinin sakinləri ilə növbəti səyyar qəbul həyata keçirib.
Teleqraf.com xəbər verir ki, vətəndaş qəbulunda RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Kürkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək 2 saylı Mayak kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Müasir Azərbaycan gəncliyinin beynəlxalq arenaya inteqrasiyası və qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqlarının, gənclik mərkəzlərinin, hərbi məktəblərin açılması, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-in nüfuzlu ali məktəblərində təhsil alması, müasir ixtisaslara yiyələnməsi, ulu öndərin ikinci dəfə yenidən hakimiyyətə gəldikdən sonra gənclərə daha da diqqətin ayrılması görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə çıxış edən icra başçısı Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsində iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan söz açıb. O bildirib ki, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ildə düşmənin təxribatı zamanı qəhrəmancasına döyüşən hərbiçilərimiz ordumuz üçün əhəmiyyətli yüksəkliklər əldə edib. İcra başçısı düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərdən, eləcə də yaralan hərbiçilər haqqında məlumat verib. Mirhəsən Seyidov şəhid ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.
RİH-in başçısı qeyd edib ki, Heydər Əliyevin həyata keçirdiyi siyasət yeni gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, ümummilli lider Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Heydər Əliyev tərəfindən müəyyənləşdirilən gənclər siyasətinin uğurlu nəticəsidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əsgər və zabitlərin, xalqın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. O, işğaldan azad olunan ərazilərdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda vətəndaşlar öncə Prezident İlham Əliyevə Neftçala- Kürkənd - 2 nömrəli Mayak avtomobil yolunun çəkilməsi və rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər. Bundan əlavə, kənd tibb məntəqəsinin, körpələr evi - uşaq bağçasının yaradılması, internet və rabitə xətlərinin quraşdırılması, kəndə mavi yanacağın verilməsi və digər məsələlərlə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub. Digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.