Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi şəbəkələrdə tənzimləmə işlərinin aparılması və yeni nasos qurğularının quraşdırılması hesabına Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi II yaşayış massivi və məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin içməli su təchizatını yaxşılaşdırıb.
Teleqraf.com bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, Lökbatan qəsəbəsindəki 1 saylı nasos stansiyası əvvəllər qəsəbəni, həmçinin 5 min kubmetr və 2 min kubmetr tutumu olan 2 mərkəzi anbarı içməli su ilə təmin edib. “Qobu Park” salındıqdan sonra buranın da su təchizatı həmin stansiya hesabına aparılıb. Yaşayış kompleksinin genişlənməsi, Lökbatan qəsəbəsi II yaşayış massivində məskunlaşmanın artması suya tələbatı artırıb. Nasos stansiyasının ötürücülük gücü artan tələbatı qarşılamaq imkanında olmadığından “Qobu Park”ı təmin etmək üçün əlavə aqreqat quraşdırılıb. Bununla da, yaşayış kompleksinin su təchizatındakı problem aradan qalxıb. Eyni zamanda yeni aqreqatın quraşdırılmasından sonra mövcud nasoslarla II yaşayış massivinə suyun nəqli gücləndirilib.
Hazırda Lökbatan qəsəbəsi, Rafael Salmanov və 6-cı massiv 4-cü küçənin su təchizatında yaranmış problemin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə ərazidən keçən təzyiqli magistral xətdən 110 mm diametrli borularla 350 metr uzunluğunda əlavə birləşmə verilməklə şəbəkənin su təchizatı yaxşılaşdırılacaq.