Bu gün Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli, Yardımlı rayonlarının və Bakının Sabunçu rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Teleqraf.comAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar avqustun 31-də saat 09:00-dan “Alabaşlı” Qaz Paylayıcı Stansiyadan (QPS) qidalanan qaz kəməri üzərində, “Ağköynək” AQPS-in ərazisində, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Şəmsabad” QPS-in ərazisində yerləşən istismara yararsız siyirtmələrin yenisi ilə əvəzlənməsi, saat 09:00-dan “Əliabad” və saat 10:00-dan “Füzuli-Horadiz” ölçü qovşaqlarından qidalanan qaz kəmərlərinin kipliyə sınaq olunması, saat 10:00-dan "Azəriqaz" İB TTİ tərəfindən Sabunçu rayonu ərazisində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, eləcə də saat 11:00-dan "Qaz İxrac” İdarəsi tərəfindən “Yardımlı” QPS-də görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli rayonlarının bir hissəsinin, Yardımlı rayonunun tam olaraq və Sabunçu rayonunun Bilgəh qəsəbəsinin Albalılıq massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.