9 İyun 2016 16:02
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb.

Teleqraf.com-un məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Azərbaycanda turizm: strateji baxış" mövzusunda keçirilən ictimai müzakirədə bildirib.

Ə.Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olduğunu bildirib. O, qeyd edib ki, son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşayır: "Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin inkişafı üçün böyük layihələr icra olundu. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verildi. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir".

Ə.Qarayev turizmin iqtisadi amil kimi inkişafı, bu sənayenin inkişafı nəticəsində yeni iş yerlərinin açılmasına müsbət təsirlərini qeyd edib. Həmçinin vurğulayıb ki, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər daha da sürətləndiriləcək.


Müəllif:

Oxşar xəbərlər