Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Buzovna Dini İcmasının sədri Hacı Soltan Əlizadə Məhəmməd Əlinin vəfatı münasibəti ilə ehsan süfrəsi açacaq.
Bu barədə Teleqraf.com-a axund özü məlumat verib.
Hacı Soltan Əlizadənin sözlərinə görə, Ramazan aynda hər gün iftar süfrəsi açır: “Bu günkü iftar süfrəsini isə əfsanəvi boksçu Məhəmməd Əlinin xatirəsinə verəcəyik. Ehsanı 100 nəfər üçün nəzərdə tuturuq. Onlardan 60-ı mömin, qalanı da eşidib-bilənlər olacaq. Boksçunun ruhuna Yasin oxunacaq, Quran tapşırılacaq, ehsan süfrəsi açılacaq”.
Hacı Soltan Əlizadənin sözlərinə görə, 1997-ci ildə Məhəmməd Əliyə kitab həsr edib: “Mən həmişə idman həvəskarı olmuşam. “İslamda idman və boks şahı Məhəmməd Əli” adlı kitab yazmışam. Kitabın önsözünün müəllifi Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev yazıb. Həm də kitabın redaktorudur. O, Məhəmməd Əli ilə görüşəndə kitab barədə ona məlumat verib. O da mənə imzalı albom göndərib, belə bir kitab yazıldığına görə təşəkkür etmişdi”.
İlhamə ƏBÜLFƏT