10 İyun 2016 16:47
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Azərbaycanda hava tez-tez dəyişir. İyunun yay ayı olmasına baxmayaraq bəzi rayonlara güclü yağış yağır, dolu düşür. Ötən gün Gəncəyə yağan yağış sonradan doluya çevrilib.

Diametri 1-2 sm olan buz parçalarının yağması təxminən 5-10 dəqiqə davam edib. Zaqatalaya isə qar yağıb. Güclü leysan və dolu ölkənin demək olar ki, əksər bölgələrində müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədovanın sözlərinə görə, iyun ayın 8-də axşam saatlarında Yardımlı rayonuna güclü leysan və diametri 2-3 arası dolu düşüb: “Dünən axşam saatlarında Gəncəyə diametri 2 sm yaxın, Göygölə diametri 1 sm dolu yağıb.

Artıq bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Əksər bölgələrdə şimşək çaxır, yağış yağır. Əsasən şimal və qərb rayonlarında yağıntılar leysan xarakterli, intensivdir. Bu gecə də Böyük Qafqazın yüksək dağlı bəzi ərazilərində leysan xarakterli yağıntılar sulu qar şəkilində olub. Əksər bölgələrdə yağıntılar davam edir. İyun ayının 13 kimi qeyri-sabit hava şəraiti davam edəcək”.

Gülşad Məmmədova əlavə edib ki, əvvəlki illərdə olduğu kimi bu il də yayın ən isti ayları iyul və avqust aylarına təsadüf edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanovun sözlərinə görə, havaların belə keçməsini iqlim dəyişikliyi kimi qəbul eləmək düzgün deyil:

“Aprel-may aylarını götürsək, temperatur normadan 1 dərəcəyə qədər artıq olub. Hazırda regionlara dolu düşməsi elə bir fövqəladə hadisə sayılmır. İqlim dəyişməsi özünü onda göstərir ki, bir aylıq yağıntı norması bir günə düşsün. Planetin şimal hissəsi daha çox iqlim dəyişikliklərinə məruz qalır, nəinki orta enlikdə yerləşən Azərbaycanda”.

Gülmalı Süleymanov bildirib ki, qeyri-sabit hava şəraiti, daşqınlar tək Azərbaycanda yox, dünyanın bir sıra ölkələrində problemlər yaradır: “Apreldə yağışın yağması yaxşıdır, iyun ayında düşən dolu isə bitkiləri məhv edir. Fikrimcə, quraqlıqdansa, dolu düşməsi daha yaxşıdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər