Qafqaz Universitetində İLO–2016 İnformatika Layihə Olimpiadası keçirilir. 9-cu dəfə baş tutan Olimpiadada Bakı və rayon məktəbləri iştirak edir.
Qeyd edək ki, məktəblilər arasında İnformatika Layihə Olimpiadası 2007-ci ildən etibarən keçirilməkdədir. Bu il İnternet vasitəsilə İLO layihə olimpiadasının 1-ci seçim mərhələsinə 89 layihə daxil olub, bunlardan 32 layihə münsiflər heyəti tərəfindən final mərhələsinə vəsiqə qazanıb. Bundan başqa ilk dəfə olaraq müsabiqəyə yeni AlqoKod – Alqoritmik kodlaşdırılma kateqoriyasıda əlavə edilib və bu kateqoriya üzrə 21 şagird finala vəsiqə qazanıb. Olimpiadanın keçirilməsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli ElmlərAkademiyasının İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu və İstək Liseyləri təşkilati dəstək verməkdədirlər. 2014-cü ildən etibarən Qafqaz Universiteti olimpiadaya ev sahibliyi edib. İLO müsabiqəsinə İKT sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər maraq göstərib, təşkilat komitəsində iştirak etmək və olimpiadanın genişləndirilməsi ilə bağlı bir çox təkliflər veriblər.
İLO – 2016 İnformatika Layihə Olimpiadasının açılış mərasimində Qafqaz Universitetinin İctimaiyyətlə Əlaqələr üzrə prorektoru dr. Natiq Paşa qonaqları salamlayıb. Layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, burada sərgilənən layihələr böyük kəşflərə doğru atılan addımlardır: "Universitet olaraq biz həmişə təşəbbüskar məktəblilərin və gənclərin layihələrini dəstəkləyirik, onların həyata keçirilməsinə köməklik göstəririk. İLO layihəsidə dəstəklədiyimiz ən uğurlu layihələrdən biridir".
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini dr. Rəşid Ələkbərov da çıxışında bildirib ki, informatika bir elm kimi gənc olsada dünyada bütün sahəhələrin inkişafında xüsusi rola malikdir: "Burada sərgilənən layihələrin hər biri yeni bir ideyadır. Bu baxımdan layihələrin gələcək startaplar olacağına inanıram. Qeyd edim ki, layihələrin qiymətləndirilməsi bu sahədə yüksək bilik və təcrübəyə malik mütəxəsislər tərəfindən şəffaf aparılır".
BDU-nun dosenti Ramin Mahmudzadə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun nümayəndəsi f.d Samir Rüstəmov, Qafqaz Universitetinin dekanı Xəlil İsmayılov da çıxış edərək layihənin əhəmiyyətindən, olimpiadanın ölkəmizdə bu sahənin inkişafına dəstək olmasından danışıblar.
Bir gün davam edəcək olimpiadanın final mərhələsində yer tutan layihələr qiymətli hədiyyə və sertifikatla təltif olunacaq.