Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin növbəti toplantısı keçirilib.
QAT-dan Teleqraf.com-a verilən məlumata görə, iclası Ali Məclisin sədri Barat İmani açıb. Əvvəlcə təşkilati məsələlərə baxılıb, Sədrəddin Rüstəmov, Elbrus Novruzov, Samir Mamoyev Ali Məclisə, Sevinc Axundova, Solmaz Alıyeva, Mehriban Abbasova İdarə Heyətinə üzv seçiliblər. İlqar Əli QAT sədrinin birinci müavini, Nəsib Cəfərov müavin vəzifəsinə təsdiq ediliblər.
İclasda QAT sədri Akif Nağı məruzə ilə çıxış edib. Məruzə ətrafında Barat İmani, Fəridə Əsgərova, İlqar Əli, Nəsib Cəfərov, Elşən Əlisoy, Mustafa Orucov, Akif Soltanov, Qara Musayev, Yusif Səmədov, Qələndər İsmayılov, Paşa Dadaşova, Polad Soltanov, Rəhman Cəfərov, Elbrus Novruzov və digərləri çıxış ediblər.
İclasın qəbul etdiyi sənədlərdə düşmənə qarşı azadlıq müharibəsinin labüdlüyü, Almaniya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinin qərəzliliyi, “xalq diplomatiyası”nın yolverilməzliyi, Minsk qrupu həmsədrlərinin fəaliyyətinin yarıtmazlığı və digər məsələlər öz əksini tapıb. Ali Məclisin qəbul etdiyi bəyanatda xüsusi olaraq vurğulanır ki, Almaniya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar qərəzlidir, heç bir fakta əsaslanmır, həqiqətdən çox uzaqdır və bu qərar təkcə Türkiyəyə deyil, bütün müsəlman və türk dünyasına, o cümlədən Azərbaycana qarşı yönəlib. Bildirilir ki, Azərbaycan bu qətnaməni özünə vurulmuş zərbə kimi dəyərləndirməli və buna uyğun hərəkət etməlidir. QAT üzvləri məsələ ilə bağlı Almaniya səfirliyi qarşısında etiraz aksiyası keçirə biləcəklərini də diqqətə çatdırıb, bu məsələnin gündəmdə olduğunu bildiriblər.
Səxavət