14 İyun 2016 11:27
3 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Milli Parkı Bakı-Ələt-Astara magistralının üzərində, cənub istiqamətdə, paytaxtın təxminən 100 kilometrliyində yerləşir. Parkın girişində ceyran heykəli qoyulub, düzəngahda isə heyvanlar aləminin şahzadəsi – ceyranlar özləri gəzir...

Kiçik bir çıxarış edək. Azərbaycan Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Şirvan Milli Parkı yaradılıb. Kür-Araz ovalığının cənub-şərqində, Şirvan düzənliyində ümumi sahəsi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.

İki manata gəzinti

Şirvan Milli Parkının direktoru Elşən Məcidovla ilk olaraq parkdakı Ekoturizm Mərkəzi ilə tanış olduq.
Parka gələn ekskursiyaçılar əvvəlcə Ekoturizm Mərkəzinə baş çəkir, ərazini gəzmək üçün 2 manat ödəyirlər.

Direktorun sözlərinə görə, əvvəllər yerli və xarici vətəndaşlar üçün parka giriş qiyməti fərqli olub: “2015-ci ildə qərar yeniləndi. Bütün turistlər 2 manat ödəməklə parka ekskursiya edə bilərlər. Tələbələr, şəhid ailələri güzəştlidir, məktəblilər üçün isə gəzinti pulsuzudur. Milli parkda 3 turizm marşrutu fəaliyyət göstərir. Birinci marşrutla Qızılqaz gölü ətrafında quşları, ikinci marşrutla Bəndovan dağını, üçüncü marşrut ilə dəniz sahilində təpəlikləri seyr edə bilərlər”.

Şirvan Milli Parkına daxil olan zaman bəzi qaydalara riayət etmək vacibdir.
Onlara baxaq: marşrutunuz haqqında rəhbərliyə məlumat verin; park ərazisində istifadənin nümunəvi qaydalarına riayət edin; müəyyən olunmuş marşrutlardan kənara çıxmayın; təbiətə zərər verə biləcək fəaliyyətlərdən qacın; bitki və bitki hissələrini toplamaq və ya qırmaq, heyvanları narahat etmək olmaz.
Sakitliyə riayət edin ki, təbiətin nəfəsini duya biləsiniz. Ərazini təmiz saxlayın və ətrafa zibil atmayın.

7 mindən çox ceyran

Elşən Məcidovun sözlərinə görə, parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaqdır: “Məqsədimiz ekoloji monitorinq keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

Bura xüsusi mühafizə olan təbiət ərazisidir. Ərazı boyu 9 post var, onlar 24 saatişləyirlər. Daim ərazini nəzarətdə saxlayırlar.

Hər hansı qanun pozuntusu baş versə, onu törədənlər hüquq-mühafizə orqanlarına təhvil verilir. İnsanlar təbiəti qorumaq yox, təbiətdən istifadəyə meyillidilər. Qanunsuz mal-qara otarılması faktlarına rast gəlirik”.

Park ərazisində əsasən duzlu və qumlu torpaqlara uyğunlaşmış yovşan, şorangə, müxtəlif növ otlar bitir. Qızılqaz gölünə və dəniz sahilinə yaxın ərazidə azsaylı iydə ağacları və yulğun kollarına rast gəlinir. Fəsillər ərzində bitki örtüyünün rəngi və quruluşu kəskin şəkildə dəyişərək landşafta tam fərqli görünüş verir.

Direktorun sözlərinə görə, parkın yarımsəhraları minlərlə ceyranın yaşayış məskənidir: “1990-ci illərdə burda mənzərə tam fərqli olub. Ceyranları brakonyerlər və ov itləri təqib edib, onların ürkək olmasına elə bu səbəb olub. Park yaradıldıqdan sonra bura gələn ziyarətçilər ceyranlara bir neçə yüz metrə qədər yaxınlaşa bilərlər. Zyarətçilərin ceyranları həm seyr etmək, həm də şəklini çəkmək imkanları olur. Bu zərif məxluqların qaçışı zamanı şəkillərini çəkmək insana xüsusi zövq verir. Son hesablamalara görə, hazırda parkda 7 mindən çox ceyran qorunur və yemlənir”.

Elşən Məcidov deyir ki, əgər bir ərazidə ceyran varsa, canavar da olmalıdır: “ Çünki onlar təbiətin sanitarlarıdır. Əgər ceyran xəstə olsa, canavarlar onu ovlayıb yeyir”.

İnsanlara gəldikdə, ceyran ovu qadağandır. İnzibati Xətalar Məcəlləsinin 11.2 maddəsinə əsasən, ceyran ovlayan fiziki şəxslər 1000-2000 manat cərimələnirlər. Həmsöhbətimiz deyir ki, ceyranların yaşını buynuzlarından müəyyən etmək olur: “Buynuzlarının böyüklüyündən və oymalarından yaşını bilirik”.

Şirvan Milli Parka il ərzində gələn turistlərin sayı 1500 nəfərdən çox olur. Parkın ərazisini gəzərkən ceyranların qaçışdığını müşahidə etdik.

Elşən Məcidovun sözlərinə görə, parkda heyvanlar aləminin şahzadəsi ceyranlardır: “İndi çox az ceyran gözə dəyir. Çünki hazırda onların balalama dövrüdür. Ceyranlarla yanaşı digər heyvanlar da parkın faunasına əlavə rəng qatır. Ərazidə 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir: Suriya sarımsaqiyli qurbağa, yaşıl quru qurbağası, Kiçik Asiya ağac qurbağası və göl qurbağası. Eyni zamanda çaqqal, ərəbdovşanı, tülkü var. Əgər bəxtiniz gətirsə, canavarlara da rast gələ bilərsiniz (gülür).

Quru və mülayim iqlim sürünənlər üçün əlverişli sığınacaqdır. Milli Parkda ilanlar da var. Onların əksəriyyəti zərərsizdir. Zəhərli gürzə ilani da ola bilər. Buna görə kolların ətrafını qurdalanmaq təhlükəlidir”.

200 il əvvəl Şirvan Milli Parkının ərazisi Xəzər sularının altında olub. Azərbaycanın böyük çayı olan Kür öz yatağını bir neçə dəfə dəyişib, Qafqaz dağlarından gətirdiyi çökmə süxurları bu geniş çöllərdə sökdürülüb.

Parkın sahilyanı ovalığı çox hərəkətlidir. Buranın bitki və heyvanat aləmi də davamlı olaraq dəyişən ətraf mühit şəraitinəm uyğunlaşır.

Parkda pir

Şirvan Milli Parkında palçıq vulkanı olduğunu deyən direktorun sözlərinə görə, vulkan parkın şimal-şərq qurtaracağında yerləşən Bəndovan dağındadır: “Burada nadir hallarda baş verən qaz püskürməsi təhlükəli ola bilər. Belə püskürtü zəlzələ kimi geoloji fəallıq nəticəsində baş verir. Bəndovan dağına gedən cığır bir neçə dəfə burulur. Torpağın altı nəm olduğundan bura yalnız yağışsız havada getmək mümkündür.

Geoloji fəallıqdan asılı olaraq Bəndovan dağı bəzən qonaqlar üçün bağlı olur. Bunun üçün turizm marşrutunun açıq olub-olmadığını soruşmaq lazımdır. Ora gedən yol müxtəlif növ bitkiylə örtülmüş, bəzən sonsuz kiçik qum təpəciklərindən və bəzən də bitkisiz sahələrdən keçir. Amma hər yerdə ceyrana və digər heyvana rast gəlmək mümkün deyil. Parkda gecələmək və düşərgə salmaq üçün rəhbərlikdən xüsusi icazə almaq lazımdır”.

Şirvan Milli Parkının dağ ətəyində hələ də ziyarət yeri olan kiçik ağ tikili –pir var. Yayda pirin içərisində çoxlu gekonlar – kərtənkələlər olur.

Direktor deyir ki, parkdakı Qızılqaz gölünə bəzgəklərinin böyük dəstələri, qaz və ördəklər, eləcə də gölün adını götürdüyü qızılqazlar uçub gəlir: “Şirvan mühüm köç yollarından sayılan Xəzər köç yolunun üzərindədir. Martın əvvəllərində burada qışlamış bəzgəklərin son dəstələri yuvalamaq üçün şimala - Rusiya çöllərinə uçub gedirlər. Eyni zamanda Afrikadan gələn çöl muymulları parkın ərazisindəki qutularda yuva salmağa tələsirlər. Çöl qartalları kimi yırtıcı quşlar köç zamanı parkda dincəlib gedirlər”.

Elşən Məcidov deyir ki, park ərazisində dulusçuluq nümunələri, mal-qara, ev quşlarının sümükləri, dəyirman daşları, tunc və gümüş sikkələr tapılıb: “Bütün bunlar tarixi XI-XIII əsrlərə aid edilən, azı yeddi şəhərin sakinlərinə məxsus olduğu güman olunur. Onlardan bir neçəsinin adı X əsr ərəb tarixçiləri Əl-Bəhri və Əl-İstəxrinin qeydlərində yer alır: Gultəsfi, Muğan, Sənarə, Novşəhər, Qirxçıraq, İlandağ...”

Direktorun sözlərinə görə, uzunluğu 11 kilometr olan “Göl evi” marşrutu parkın giriş qapısından başlayır: “Marşrut 3 kilometr dən sonra hələ də fəaliyyət göstərən neft çıxarma sahəsindən keçir. Bu ərazi parka aid deyil. Parkın əsl girişi 5-ci kilometrdə yerləşən “yaşıl keçid” sayılır. Buradan başlayaraq sonsuz yarımsəhra üfüqə qədər uzanır. Ceyranlar da adətən, burda dincəlir və otlayır.

Düz gedən yolun sonunda demək olar ki, parkın mərkəzindəki “Göl evi” yerləşir. Burada palçıq vulkanları, kanalları, Qızılqaz gölünü müşahidə etmək olar. Oradan 10 dəqiqəlik piyada məsafədə müxtəlif heyvanların ləpələrinə rast gəlmək olur”.

Parkdakı bitkilərin qısa zaman olsa da əsararəngiz çiçəklənmə dövründə bura gəlsəniz, otların unudulmaz qoxusu sizin də ruhunuzu oxşayacaq...

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər