“Rezonans” verilişinin növbəti buraxılışı üç il azadlıqdan məhrum edilən müğənni Maral Tahirqızının həbs həyatına həsr edilib.
Teleqraf.com xəbər verir ki, evində əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Maral Tahirqızı həbsxana həyatından danışıb: "Mən Borçalıda anadan olmuşam. Musiqini çox sevmişəm. Amma gənc yaşlarımdan bizneslə məşğul olmuşam. İlk vaxtlar ərzaq mağazam vardı.
Həbsxanaya gələndə ilk narahatlığım çarpayı oldu. Evdəki şəraitə öyrəşmişdim. Dedim, Allahım, yaxşı ki, böyük cinayət etməmişəm. Siqaret qoxusunu götürə bilmirdim. Hamı siqaret çəkirdi. Xahiş etdim ki, siqareti pəncərənin önündə çəksinlər. Burada "Dünya" adlı mahnı yazmışam".
Bir ildir həbs həyatı yaşayan müğənni rəfiqəsinin olmadığını da deyib: "Rəfiqəm yoxdur. İnsanların qəlblərini görürəm, bir müddətdən sonra düşməninə çevrilirlər. İnsanlar gülləri, çiçəkləri, həyatı sevsinlər. Bacıma təşəkkür edirəm, anama isə deyirəm ki, darıxmasın, yəqin tezliklə çıxacam".
Maral Tahir qızı Gülməmmədova barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Maral Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib.
Rəqsanə