16 İyun 2016 13:12
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, 2015-2016-cı tədris ili başa çatdı. Rəsmi statistikaya görə, bu il orta məktəblərin IX siniflərini 110 min 222, XI siniflərini 88 min 591 nəfər şagird bitirib. Digər bir statistikaya görə isə hazırda orta məktəblərdə oxuyan şagirdlərin sayı 1,6 milyondan çoxdur.

Böyük bir şagird ordusunun tədris zamanı istifadə etdiyi dərsliklərin vəziyyəti ilə bağlı Teleqraf.com-un suallarını AMEA-nın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov cavablandırdı.

-Kamran müəllim, şagirdlərin tədris zamanı istifadə etdiyi dərsliklərin vəziyyət necədir?

-Müasir dövrdə respublikamızda təhsil sahəsində çox böyük dəyişikliklər baş verib. Azərbaycan Prezidentinin 20 fevral 2003-cü il tarixli, dövlət ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin olunması ilə bağlı sərəncamında məktəblərdə dərsliklər şagirdlərə artıq neçə ildir, pulsuz paylanır, bu dərsliklər ildən-ilə yenilənir, müasir tələblərə uyğun işlənib hazırlanır.

Bu istiqamətdə kurikulumun tətbiq olunduğu siniflərdə yeni dərsliklərin nəşri çox əhəmiyyətlidir. Lakin bir çox fənlərdən hazırlanmış dərs vəsaitləri, o cümlədən kitablarda bir sıra problemlər hələ də həllini tapmayıb.

-Niyə dərsliklərdəki problemlər həllini tapmır?

-Bizdə 70 illik sovet dövründə milli ruhun aşılanması əvəzinə beynəlmiləlçilik adı altında “sovet ruhu” formalaşdırmağa çalışıblar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni düşüncəli nəslə ehtiyac vardı. Amma bu sahədə ciddi problemlər hələ də qalır. Bu, əsasən təhsil və elm sahəsi ilə bağlıdır. Çünki yeni yetişən nəsildə bilikləri, düşüncəni, dünyagörüşü müəllim və alimlər formalaşdırır. Müəllimlərin, alimlərin əksəriyyəti sovet dövrünün yetişdirmələri olduğundan yeni nəsli milli ruhda formalaşdırmaqda çətinlik çəkirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var.

Dərsliklər, xüsusən də ictimai fənn dərslikləri cəmiyyətin maraqlarına xidmət edən təlim prosesinin mühüm komponentini təşkil edir. Biliyin əsasən dərsliklərdən alındığı bizim tipli dövlətlərdə cəmiyyətin gələcəyi bir çox hallarda həmin dərsliklərdə aşılanan ideyalardan birbaşa asılı olur. Bu dərsliklərlə bütöv nəsillər yetişir. Bu səbəbdən uzun sürən müstəmləkə əsarətindən qurtulmuş xalqlar dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi təhsilə və onun əsas komponentlərindən olan dərsliklərin yazılmasına xüsusi diqqət yetirirlər.

Təəssüf ki, təcrübəsizlik, emosionallıq və qərəzli stereotiplərin mövcudluğu bu dərsliklərin əksəriyyətini qüsurlu edir. Bizim dərsliklər də istisna deyil. Əgər cəmiyyətimizin gələcəkdə sosial qarşıdurma, milli və dini ədavət, həmçinin əxlaqsızlıq girdabında boğulmasını istəmiriksə, bu gün təhsilimizə xüsusi qayğı göstərməklə, həm də dərslik və proqramların tərtibinə son dərəcə ciddi, həssas və məsuliyyətlə yanaşmalıyıq.

-Bilik vermək və qabiliyyət formalaşdırmaq bütün ölkələrdə təlimin başlıca məqsədləridir. Bəs, inkişaf etmiş ölkələrdə təlim prosesi bizim ölkədən nə ilə fərqlənir?

-Aparılan təhlillər göstərir ki, təlimin keyfiyyəti o ölkələrdə yüksək olur ki, birincisi, nəzəriyyədən praktikaya gedən yol daha qısadır və ya təlimdə aktual empirik biliklərə üstünlük verilir. İkincisi, təhsilin müxtəlif pillələri arasında dəqiq funksional bölgü aparılır. Üçüncüsü, mövcud dərsliklər, proqramlar və təlim üsulları maksimum bu funksiyaların reallaşmasına xidmət edirlər. Nəzərə alsaq ki, orta məktəbdə təlimin başlıca məqsədini şagirdlərin müxtəlif sahələrdə bilik, bacarıq və vərdişləri aşkara çıxarmaq, onları qabiliyyətlərinə və cəmiyyətin tələblərinə uyğun peşələrə istiqamətləndirir.

Həmçinin bu peşələrə yiyələnmək üçün zəruri olan minimum (maksimum - ali məktəblərdə verilir) bilik, bacarıq və vərdişləri formalaşdırmaq təşkil edir. Onda aydın olar ki, faktlarla zəngin, yəni çoxlu bilik verən dərsliklər heç də hələ yaxşı dərsliklər demək deyil.

-Kamran müəllim, bəs onda yaxşı dərslik nədir?

-Beynəlxalq və yerli təcrübənin təhlili göstərir ki, yaxşı dərslik faydalı olmalı, tətbiqi gerçəkləşdirilən, yəni həyatda lazım olan biliklər verməlidir. Bu baxımdan tarix dərsliklərimiz qoyulan tələblərə yalnız qismən cavab verir. Belə ki, təcrübəsi örnək ola biləcək ölkələrin tarixinə əsas yer ayrılsa da, mövzularda islahatçılıq, gündəlik həyat, dominant ideyalar və tarixdə şəxsiyyətin rolu yetərincə və adekvat işıqlandırılmayıb.

Bundan başqa, yaxşı dərslik şagirdi yaradıcı axtarışa həvəsləndirməli, onun mübahisə etməsinə, öz fikrini əsaslandırmasına imkan yaratmalıdır. Təəssüf ki, bu tələb də dərsliklərimizdə zəif ödənilib.

Dərsliyin dili anlaşıqlı, şriftləri yaş və təhsil standartlarına uyğun olmalı, qiraət idarə eduilməlidir. Bu tələb əsasən ödənilsə də, müəyyən qüsurlar hələ də qalmaqdadır.

Dərslik müəllifi mətnləri şagirdin yaş xüsusiyyətləri nəzərə alınmaqla yazmalı, sual və tapşırıqlar onların maraq, meyl və qabiliyyətləri nəzərə alınmaqla tərtib etməlidir. Təəssüf ki, müəlliflər bu amilə dərsliklərdə kifayət qədər diqqət yetirməyiblər.

Mətnlərdə elmi baxımdan mübahisəli, ziddiyyətli fikirlər, qrammatik və üslub səhvləri olmamalıdır. İlk nəşrlərlə müqayisədə belə qüsurlara xeyli azalıb, lakin yenə də rast gəlmək mümkündür.

-Sizcə, bu tələbləri ödəyən dərsliyin yazılması qeyri-mümkündür?

-İlk baxışda adama elə gələ bilər ki, qeyri-mümkündür. Lakin ilk baxışdan belədir. Əməkdaşlıq şəraiti və yaxşı stimul olduqda, sağlam rəqabət mühitində belə dərslikləri ərsəyə gətirmək mümkündür.

-Siz bayaq şagirdlərə milli ruhun aşılanması vacibliyinə toxunduz. Bu məsələyə bir az ətraflı aydınlıq gətirməyinizi istərdik.

-Sovet dövründə ümumi vətən anlayışı vardı. İndi isə milli ruh anlayışında Azərbaycan, vətən, millətimizin əxlaqı məsələləri önə çəkilməlidir. Yeni nəsil öz vətəninə, millətinə bağlı ruhda formalaşmalıdır. Orta məktəb tarix və ədəbiyyat kitablarımızı, ali məktəb dərslikləri ilə müqayisə edin.

6-cı sinfin tarix kitabında Azərbaycan xalqının tarixinə aid yazılanlarla Azərbaycan Milli Elmlər Akademiyasının 7 cildlik tarix kitabı arasında nə qədər ziddiyyətlər var. Eyni sözləri orta məktəbdəki ədəbiyyat dərsliyi ilə AMEA-nın Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatı ilə bağlı akademik əsərləri haqqında da demək olar. Dərslikləri yazanlarla akademik ədəbiyyatı hazırlayanlar ayrılıqda öz fikirlərini ifadə edirlər. Bu, doğru deyil. Hər hansı müəllif, belə çıxır ki, xalqın ədəbiyyatını deyil, öz fikirlərini irəli sürür. Orta məktəb şagirdlərinə bu cür dərsliklər təqdim etmək çox yanlışdır.

Şagird orta məktəbdə tarixə olan münasibətlə ali məktəbdə olan fikirlər arasındakı ziddiyyətləri görür və onda şübhələr yaranır. AMEA institutlarının işlədikləri dərsliklərlə orta məktəb dərslikləri uzlaşma şəklində hazırlanmalıdır. Bu uzlaşma isə gözlənilməyib. Halbuki millətin tarixi, dünyagörüşü dəqiq olmalıdır. Bütün bunlar isə milli ruhun formalşmasına mənfi təsir edir, gənclərin özünə inam, öz vətəninə bağlılıq hisslərinin kifayət qədər olmamasına gətirib çıxarır. Biz öz tariximiz, ədəbiyyatımız, fəlsəfəmiz haqqında doğru-dürüst bilgilər əldə etmiriksə, şübhəsiz ki, bu gənclər anti-Azərbaycan, anti-türk məqsədli insanların təsirinə düşəcəklər. Milli şüur aşılayan “Azərbaycan tarixi” dərsliyinə, onun hazırlanmasına çox ciddi diqqət yetirmək lazımdır.

-Kamran müəllim, bunun üçün hansı standartlar olmalıdır?

-Bunun üçün ilk növbədə dərsliyin standartları ortaya qoyulmalıdır. Bu işi görmədikcə hər bir müəllif hazırladığı kitabda öz subyektiv fikirlərini əks etdirəcək. Mövcud olan çatışmazlıqları düzəltdiyimiz zaman başqa səhvlər ortaya çıxacaq. Nəticədə redaktə xarakterli dəyişikliklər həyata keçiriləcək, amma biz əsas nəticəyə - sanballı və şagirdlərimizi milli şüurla, şəxsiyyət kimi formalaşdıracaq dərsliklərə nail ola bilməyəcəyik.

Bundan başqa, dərsliklərin yazılmasına cavabdeh olan, mütəxəssislərdən ibarət, yaxşı təlim keçilmiş, hazırlıqlı şəxslərdən ibarət ayrıca bir qrup formalaşdırılmalıdır. Bu qrupa daxil olan şəxslərin bilik və bacarıqları daim artırılmalı, dünya təcrübəsini mənimsəmələri üçün onlara geniş şərait yaradılmalıdır. Yalnız bundan sonra problemin köklü həllinə nail olmaq mümkündür.

Artıq vaxtdır və inanırıq ki, “Azərbaycan tarixi” dərsliyi bundan sonra çoxsaylı səhvlərdən uzaq, şagirdlərimizə milli şüuru, vətən əxlaqını, vətənpərvərliyi aşılayacaq bir şəkildə hazırlanacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər