16 İyun 2016 18:43
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq sabahdan paytaxtın mərkəzi küçələrində “Formula 1”-in ən məşhur 22 pilotu sürət yarışına qatılacaq. Yarışa bir gün qalmış “Formula 1” coşqusuna hazırlıq işləri ilə tanış olmaq üçün mərkəzi küçələrə yollandıq.

“Formula 1” avtomobillərinin yarış halqası bəllidir. Yollar yarış standartlarına uyğun təmir olunub. Yarış halqaları 9 tribunadan, 20 döngədən ibarətdir. Pilotlar Abşeron tribunasından start götürüb, elə bu tribunada da turu bitirəcəklər. Marşrut xətti Xəzər, İçərişəhər, “Azneft”, Qız Qalası, Filarmoniya, Muğam, Sahil, Bulvar tribunalarından keçəcək. Ən böyük tribuna Azadlıq meydanındadır.

“Sahil” metrosundan Qız Qalası tərəfə gələn əsas yol tam bağlıdır. Sakinlər bura gəlmək üçün ya İçərişəhər metrosu tərəfdən, ya da digər alternativ yollardan istifadə edə bilərlər.

Artıq “Formula 1”yarışında iştirak edəcək pilotlar Bakıdadır və onlar trasa baxış keçiriblər.

Biz də İstiqlaliyyət küçəsində quraşdırılmış yerüstü keçiddən keçməklə Qız Qalası tərəfə gəldik. Burada qruplar şəklində gəzən turistlərlə rastlaşmaq mümkündür. Onların şəhərimiz haqqında məlumat alması üçün xüsusi audio-bələdçi cihazları var. Radioya bənzər formada olan bu cihazları Azərbaycan, ingilis, rus, fransız və alman dilindədir.
Qız Qalasının yanındakı köşkdən həmin radio-cihazı almaqla şəhərdəki restoran, tarixi abidə, hamam, məscid, otellər barədə məlumata yiyələnmək olar.

Rusiyadan gəlmiş Tatyana Kovilina və Sergey Qavri adlı sevgililər Qız Qalasını video çəkirdilər. Onların fikirlərini öyrəndik. Azərbaycana ilk dəfə gəldiklərini dedilər.

Sergey Qavri deyir ki, Qız Qalasını videoya çəkməsinin səbəbi tarixi binaları sevməsidir: “Dünəndən Bakıdayıq. “Formula 1” yarışını izləmək üçün gəlmişik. Bu gün tarixi binaları görmək üçün şəhərə çıxdıq. İçərişəhəri çox bəyəndim. Aldığım bütün suvenirlər tarixi binaları əks etdirir”.

Tatyana Kovilina deyir ki, sevgilisindən fərqli, o, Azərbaycan şirniyyatlarını bəyənib: “Bulvarda gəzəndə bizə dadmaq üçün paxlava, şəkərbura verdilər. Mətbəxiniz zəngin və dadlıdır. Bakıdan özümdə xatirə saxlamaq üçün nar meyvəsinin suvenirini almışam”.

Dənizkənarı Bulvarda isə turistlər üçün Azərbaycanın qədim adət-ənənələrini, milli geyimləri, xalçaları, milli papaq və digər əşyaları sərgiləmək üçün stend quraşdırılıb.

Xatirə Rəsulova deyir ki, turistlər daha çox kəlağayı ilə maraqlanırlar: “Onlar üçün əl işləri olan əşyalar maraqlıdır. Naxışlarla, muncuqlarla hörülən qadın çantaları, kəlağayılara üstünlük verirlər. Xalçalarımızla da maraqlanırlar. Necə toxunduğunu soruşurlar. Biz də çalışırıq ki, öz qədim adət-ənənələrimiz barədə turistlərə dolğun məlumat verək”.

Qeyd edək ki, şəhərimizin qonağı olacaq turistlər teatr tamaşalarına baxmaq istəsələr, onlar üçün repertuardakı səhnə əsərləri ingilis dilinə tərcümə olunub. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından əsərlər də təqdim ediləcək.

Bakı sakinləri və qonaqlar “Formula 1” yarışına bilet almayıblarsa, yarışın keçirildiyi 3 gün ərzində bulvara ayaq basa bilməyəcəklər. “Formula 1” yarışına bileti olanlara isə “Village” səhnəsinə yaxınlaşaraq sevimli pilotları ilə foto çəkdirib, avtoqraf almaq imkanı yaradılacaq.

Əlavə tribuna biletlərinə sahib olanlar bu gün 18:30-dan etibarən Pit yolundan keçərək komandaların qarajlarını yaxından görə bilərlər.

Sürəti, həyəcanı ilə sevilən “Formula1” yarışı gəncləri sevindirsə də, yaşlı nəslin narazılığına səbəb olur. Rafiq kişi deyir ki, Bayılda yaşadığı üçün evinə vaxtinda gedib çıxa bilmir: “Bir neçə gündür yollar bağlıdır. Alternativ yollarla yaşadığımız ünvana gedirik, bu da əlavə vaxt itkisidir. Bu cür yarışlar paytaxtdan kənarda keçirilsə daha yaxşı olar”.

Müşahidələrimiz göstərdi ki, şəhərdə “Formul 1” yarışı ilə bağlı bayram ab-havası var. Turistlərin əksəriyyətini Fəvvarələr meydanında, İçərişəhərdə görmək olur.

Sabah isə yarışdır...

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər