17 İyun 2016 11:49
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus iyunun 18-dən 21-dək Bakıda səfərdə olacaq.

Teleqraf.com-un məlumatına görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Bakıya səfər edəcək dünyaca nüfuzlu ictimai xadim, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunusun dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Nobel sülh mükafatı laureatının ilk olaraq ADA Universitetində “Biznesin sosial məsuliyyəti” mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur. Professor M.Yunusun burada xarici ölkə səfirliklərinin və diplomatik nümayəndəliklərinin qarşısında sosial bizneslə bağlı bir sıra maraqlı mesajlar verəcəyi gözlənilir. Daha sonra M.Yunusun İqtisad Universitetində Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan olan nümayəndə heyətləri, o cümlədən, Azərbaycanın bir sıra nazirlik və komitələrinin, rəsmi şəxslərinin qarşısında “Sosial Biznes – İnkişaf üçün əsas yol” mövzusunda mühazirə ilə çıxış etməsi gözlənilir.

İyunun 20-də isə məşhur iqtisadçı, “Qramen” Bankının və dünyanın 41 ölkəsində fəaliyyət göstərən 50-dən çox iqtisadi qurumun təsisçisi M.Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında Azərbaycan dilinə tərcümə olunmuş, müəllifi olduğu “Kasıbların Bankiri” ( The Banker to the Poor) kitabının təqdimatı mərasimində iştirak edəcək. Mərasimdə Professor Məhəmməd Yunusa BAMF-ın Ali Mükafatı təqdim olunacaq.

Qeyd olunur ki, sözügedən mükafat indiyədək Azərbaycan Prezidenti İlham Əliyevə və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim olunub. Bu mükafat dünya miqyasında vətəndaş cəmiyyəti sahəsinə verdiyi töhfə, beynəlxalq səviyyədə sosial və iqtisadi sahədə əldə olunan nailiyyətlərə, dünya elminin inkişafında oynadığı əvəzsiz rol və münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim olunur.

Xatırladaq ki, 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen bankı Nobel sülh mükafatına layiq görülüb. Professor Yunus Wharton Biznes Məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə, “Fortune” jurnalı professor Yunusu 2012-ci ilin mart ayında “dövrümüzün 12 dahi sahibkarı” siyahısında 12-ci yerə layiq görüb. AsiaWeek (Honk Konq) təşkilatı isə onu “İyirmi dahi asiyalı”dan biri seçib. 2008-ci ildə Böyük Britaniyanın “Prospect” jurnalı və ABŞ-ın “Foreign Policy” jurnalı tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, top 100 intellektual şəxslər siyahısında Məhəmməd Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. Professor M.Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəsinə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq Medalı və ABŞ Konqresinin Qızıl Medalını almış yeddi şəxsdən biridir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər